Bir çox ölkələr kimi Özbəkistan da turizmin inkişafı istiqamətində səylərini gücləndirib. Bununla belə, ekspertlər Daşkənd administrasiyasına xəbərdarlıq edərək, tarixi irs obyektlərinin zədələnə biləcəyini deyirlər.
Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, məsələn, Buxarada hər küçənin küncündə yeni otel tikilir.
Yazıçı Katerin Bennett qaldığı köhnə karvansaranın 100 metr radiusunda üç tikili gördüyünü bildirərək, XVI əsrə aid mədrəsənin düz yanında qonaq evinin tikildiyini deyib.
Oxşar mənzərələri paytaxt Daşkənddən tutmuş tarixi Xivə şəhərinə qədər bir çox yerlərdə müşahidə etmək olar. Bildirilib ki, zəngin iş adamı Bəxtiyor Fazilov 2022-ci ildə açılışı olan hava limanı və Disneylendə bənzədilmiş İpək Yolu Səmərqənd-lə doğma şəhər6i Səmərqənd şəhərinin imicini yaxşılaşdırmağa çalışır.
"İpək Yolu konsepsiyası hər yerdə tətbiq olunur. Restoranlar, mağazalar, turlar, turizm agentlikləri... Bu, bizim yeganə marketinq kozırımıza çevrilib. Bu, bir növ özünü-şərqşünaslıqdır", - ölkədəki tarixi yerləri qoruyub saxlamağı hədəfləyən Alerte Heritage-dən Svetlana Qorşenina deyir.
Məlumata əsasən, Özbəkistan son 5 ildə 16 pillə irəliləyərək ölkəyə gələn turistlərin sayına görə 119 ölkə arasında 78-ci yerdə qərarlaşıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ildə açıqladığı 2030-cu il strategiyası çərçivəsində 2023-cü ildə 6,6 milyon olan xarici turistlərin sayının 15 milyona çatdırılmasına çalışıldığı vurğulanıb.
Çayxana və restoranlarla ölkə mətbəxini, muzeylərlə isə özbək mədəniyyətini təbliğ etməyə çalışırlar. Bu səbəbdən də turizm mərkəzləri tikilir.
Fazilovun “Enter Engineering” tikinti şirkətinin baş menecerinin müavini Rüstəm Heydərov nəhəng layihələrini belə təsvir edir: “Biz tarixi binaları kopyalamağa çalışmırıq. Biz öz təsirini yaradacaq şeylər yaratmaq istəyirik”.
Heydərov deyir ki, yaşıllıqları və sənəti bir araya gətirən layihələrlə yanaşı, 5 ulduzlu otellərə də imza atıblar. Buxaraya artıq zəngin insanlar gəlsə də, otellərin keyfiyyətindən razı deyillər. O əlavə edir ki, şirkət sağlamlıq turizmi üçün obyektlər tikir.
Ölkənin tarixi irsini itirərək adiləşməməsini istəyənlər də öz etirazlarını bildirirlər.
Adını açıqlamaq istəməyən özbək memar "İldən-ilə daha çox turist gəlir. Mən həmişə Buxaranı canlı orqanizm kimi düşünmüşəm. Bu orqanizm getdikcə zəifləyir və kövrəkləşir. Bura təkcə turistlərin yeri olmamalıdır, orada yaşayan insanlar da nəzərə alınmalıdır. Səhrada Venesiyaya çevrilmək riski var" deyir.
Xəbərdə UNESCO-nun sözçülərindən birinin Enter Engineering-ə xəbərdarlıq etdiyi və Buxaradakı işləri izlədiklərini bildirdiyi də əlavə edib.