Rumıniya hökuməti son üç gün ərzində ölkənin hava məkanında üç pilotsuz uçuş aparatının vurulmasından sonra Rusiyanın Buxarestdəki səfirliyinin bir diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Hafta.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik iyulun 24–26-da Rumıniyanın hava məkanının dəfələrlə pozulması ilə əlaqədar Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayevi Xarici İşlər Nazirliyinə çağırıb.
Məlumata görə, Rumıniya tərəfi səfirə rəsmi etirazını çatdıraraq ölkənin hava sərhədlərinin təkrar pozulmasını qəbuledilməz adlandırıb. Görüş zamanı Rusiya tərəfinə diplomatik nota təqdim olunub və həmin notaya əsasən Rusiyanın diplomatik nümayəndəliyinin əməkdaşlarından biri beş gün ərzində Rumıniya ərazisini tərk etməlidir.
Rumıniya Xarici İşlər Nazirliyindən bildirilib ki, iyulun 24–26-da ölkənin hava məkanına qanunsuz daxil olan üç pilotsuz uçuş aparatı Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Rəsmi Buxarest bu aparatların Rusiya mənşəli olduğunu bildirir.
Bununla yanaşı, Rumıniya hökuməti Moskvadakı səfirini də məsləhətləşmələr aparmaq üçün Buxarestə geri çağırıb. Rəsmi dairələr bu addımın iki ölkə arasında yaranmış gərgin diplomatik vəziyyətin qiymətləndirilməsi məqsədi daşıdığını bildirirlər.
Bu qərar Rumıniya ilə Rusiya arasında son illərin ən ciddi diplomatik gərginliklərindən biri hesab oluna bilər. Ekspertlərin fikrincə, hava məkanının pozulması ilə bağlı insidentlər davam edərsə, Buxarest əlavə diplomatik və təhlükəsizlik tədbirləri də nəzərdən keçirə bilər.
Qeyd edək ki, Rumıniya son günlər hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi məqsədilə F-16 qırıcılarını döyüş növbətçiliyinə cəlb edib və NATO müttəfiqləri ilə koordinasiyanı gücləndirib. /AZƏRTAC/