UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyanın KuPS komandası ilə qarşılaşacaq "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Hafta.az xəbər verir ki, litvalı mütəxəssis ilk oyunda qazanılan minimal hesablı qələbənin komandasını cüzi favorit etdiyini bildirib.
“Finlandiyada olduğumuza görə çox şadıq. İlk matçdan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit saymağa imkan verir. Lakin anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, avrokuboklarda səfər oyunları heç vaxt asan olmur", – deyə baş məşqçi vurğulayıb.
V.Dambrauskas rəqibin yüksək motivasiya ilə meydana çıxacağını qeyd edib: "Onlar bütün güclərini ortaya qoyacaqlar. Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu nümayiş etdirməli və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda "Sabah" 1:0 hesabı ilə qalib gəlib. KuPS – "Sabah" görüşü iyulun 28-də Kuopio şəhər Mərkəzi Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.