Pakistan gilas satmaqla Çinə ixracı artırmağa çalışır

11:10 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan Çinlə yeganə quru keçid məntəqəsi olan Xuncerab Sərhəd Qapısından “gilas” vasitəsilə Çinə ixracını artırmaq istəyir.

Hafta.az-ın yazdığına görə, Kovid-19 və Çinin Sincan-Uyğur Muxtar Bölgəsi ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbiylə 2019-cu ilin noyabrında bağlanan Pakistanla Çin arasındakı Xuncerab Sərhəd Qapısı apreldə yenidən fəaliyyətə başlayıb.

Xuncerab sərhəd məntəqəsi Pakistanın Gilgit-Baltistan bölgəsi ilə Çinin Sincan-Uyğur Muxtar Rayonunu birləşdirir.

İki ölkə arasında yeganə quru keçid məntəqəsi olan Xuncerab həm də Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) mühüm hissəsidir.

Pakistandakı Karakoram keçidinin başlanğıc nöqtəsi olaraq qəbul edilən Xuncerab 4714 metr yüksəklikdə yrləşməsi ilə dünyanın ən yüksək sərhəd keçid məntəqəsi olma xüsusiyyətinə də malikdir.

1978-ci ildə Karakoram magistralının rəsmi açılışından bu yana hər iki ölkənin iş adamları Çinlə Pakistan arasındakı bu keçid məntəqəsindən yararlanıblar.

Keçmişdə Orta Asiya və Çindən gələn ticarət karvanları Pamir bölgəsinin müxtəlif nöqtələrindən, o cümlədən Xuncerab sərhədindən indiki Hindistan və Pakistan torpaqlarına mal aparırdılar.

Bu gün Qarakoram magistral yolu əsasən tarixi İpək Yolu marşrutunu izləyir.

Gilgit-Baltistandakı Xuncerab məntəqəsi Əfqanıstan, Tacikistan, Hindistan və Çinin Tibet Muxtar Bölgəsi ilə Sincan Uyğur Muxtar Bölgəsinin kəsişməsində yerləşdiyi üçün əhəmiyyətli geostrateji mövqeyə malikdir.

Bildirək ki, keçmiş baş nazir Şahbaz Şərifin 2022-ci ilin noyabrında Pekinə səfərindən sonra 15 Çin iş adamından ibarət nümayəndə heyəti may ayında Gilgit-Baltistana gələrək gilas ticarətini asanlaşdırmaq üçün müxtəlif müqavilələr imzalamışdı. Pakistanın Gilgit-Baltistan bölgəsi ölkədəki gilas istehsalının böyük hissəsini tək qarşılayır. Məlumata əsasən, Gilgit-Baltistanda 2001-ci ildə 2678 ton olan gilas istehsalı, son illər 8 min tonu keçib. Bölgənin bu üstünlüyündən istifadə edən Pakistan hakimiyyəti Çinə gilas ixrac etməyi hədəfləyir.

Gilgit-Baltistan Baş katibi Muhyiddin Vani gilas ixracının onlar üçün vacib olduğunu bildirib və qısa müddətdə gilas dolu qutuların Çinə göndəriləcəyini deyib.

Bu arada, ötən il Pakistanıa Çin arasında ticarətin həcmi 26,5 milyard dollar təşkil edib. Çinin Pakistana ixracı 23,9 milyard dollar, Pakistanın Çinə ixracı isə 3,41 milyard dollar olaraq qeyd edilib.

İki ölkə arasında ticarətin böyük hissəsi dəniz yolu ilə həyata keçirilir.

2019-cu ildə Xuncerab sərhədindən ticarətin həcmi əvvəlki ilə nisbətən 47 faiz artaraq 856,3 milyon dollar təşkil edib. Bu məbləğin böyük hissəsi Çinin Pakistana ixracı şəklində olub.

2018-ci ildə Xuncerab sərhəd məntəqəsindən keçməklə, Çindən Pakistana 1508 konteyner daxil olub, Pakistandan isə cəmi 61 konteyner göndərilib. Bu da o deməkdir ki, sərhəddən keçən ticarətin 96 faizi Çindən Pakistana ixracın payına düşür. Pakistan isə ticarət həcmində 4 faizlik mövqeyə malikdir. Xuncerab sərhəd məntəqəsində xarici ticarət balansı demək olar ki, tamamilə Çinin xeyrinədir.

Çinin Pakistana göndərdiyi məhsulların 40 faizi qonşu Gilgit-Baltistan sərhədində istehlak edildiyi halda, Pakistanın Çinə göndərdiyi məhsulların Gilgit-Baltistana iqtisadi töhfəsi çox azdır.

Sözügedən quru sərhədi vasitəsilə Çin Pakistana çox sayda elektron cihaz, ayaqqabı, geyim və ehtiyat hissələri, Pakistan isə Çinə qiymətli daşlar, quru meyvələr, dərman bitkiləri və qida məhsulları göndərir.

Hazırda Pakistan çalışır ki, ticarət balansını Xucerab sərhəd məntəqəsi vasitəsilə az da olsa öz xeyrinə çevirsin.

Siyasət rubrikasından digər xəbərlər