Pakistan ordusu Əfqanıstanın kəndlərini bombaladı - MÜLKİ İNSANLAR ARASINDA TƏLAFAT VAR

18:45 16.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan ordusu Əfqanıstan ərazisinə qurudan və havadan hücum edib.

Hafta.az-ın yazdığına görə, bu barədə Əfqanıstanın Host Polis İdarəsinin sözçüsü Mustağfər Gurbuz bildirib. Onun sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələri Hostun Spire rayonundakı dörd kəndə aviazərbələr endirib. Hücum zamanı kənd sakinləri arasında həlak olan və yaralananların olduğu deyilir. Hətta bəzi xəbərlərdə 15 nəfərin həlak olduğu qeyd olunur.  

Kunar valiliyinin sözçüsü Kari Nəcibullah Hanif də Pakistana məxsus sərhəd qoşunlarının Kunar vilayəti Şaltan rayonunun Gerney kəndinə hava hücumu etdiyini bildirib. 

Əfqanıstanın Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki səfirini çağıraraq hücumla bağlı izahat tələb edib.