Pakistanda dəhşətli hadisə: xəstəxananın damında 500 ÇÜRÜMÜŞ CƏSƏD TAPILDI

10:20 16.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Pəncab bölgəsindəki Multan şəhərində fəaliyyət göstərən Niştar xəstəxanasının damında çürümüş vəziyyətdə 500-dən çox insan cəsədi aşkarlanıb.

Hafta.az-ın Mepanews-a istinadən yazdığına görə, cəsədləri görənlər acınacaqlı vəziyyətdən dəhşətə gəliblər. Məlum olub ki, vəhşi quşlar meyitlərin müxtəlif hissələrini yeyiblər və cəsədlərin çoxu çürüyüb.

Bildirilib ki, bəzi meyitlərdən orqanlar çıxarılıb. Hadisənin araşdırılması üçün komissiya yaradılsa da, hələlik meyitlərin kimə aid olduğu məlum deyil.

İslamabad hökumətinin əleyhdarları cəsədlərin zorla yoxa çıxan müxaliflərin və "Pakistan Talibanı" (TTP) kimi tanınan qrupun üzvlərinin ola biləcəyini hesab edirlər.

Bu arada, "Pakistan Talibanı" da mövzu ilə bağlı açıqlama yayıb.

TTP sözçüsü Məhəmməd Xorasaninin verdiyi açıqlamada, bu hadisənin təsadüfi olmadığı, İslamabad rəhbərliyinin ümumi münasibətini əks etdirdiyi qeyd edilib.

Bəyanatda Bəlucistanda Pakistan tərəfindən öldürülən mülki şəxslərin dəfn olunduğu çoxlu kütləvi məzarlıqların olduğuna da toxunulub.