Pakistandan Cənubi Koreyaya getmək istəyən AZYAŞLI QIZLAR TAPILIB

17:35 13.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə Pakistanda itkin düşdüyü bildirilən iki qızın dünyaca məşhur K-Pop qrupu BTS ilə görüşmək üçün evdən qaçdığı məlum olub.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, 13 və 14 yaşlarında olduğu öyrənilən uşaqlar şənbə günü (7 yanvar) Pakistanın Karaçi şəhərində yoxa çıxıblar.

Səlahiyyətlilər Cənubi Koreyaya getmək istəyən uşaqların evdən 1200 kilometr aralıda tapıldığını açıqlayıblar.

Bölgənin yüksəksəviyyəli polis zabiti Abraiz Əli Abbasi qızların evində axtarış zamanı BTS ilə görüşmək üçün Cənubi Koreyaya səfər etmək planlarını yazdıqları gündəlik tapdıqlarını söyləyib: "Gündəliyə qatar saatları yazılmışdı və başqa bir dostu ilə qaçmağı planlaşdırdıqları qeyd edilirdi. Həmin dostlarla da söhbət etdik". 

Polis zabitinin dediyinə görə, planlı axtarışdan sonra onlar qızların evlərindən 1200 kilometr aralıda yerləşən Lahor şəhərində polis bölməsində saxlandıqlarını öyrəniblər.

Abbasi əlavə edib ki, qızları Karaçidəki evlərinə qaytarmaq üçün Lahor polisi ilə birgə işləyirlər.

Qeyd edək ki, Cənubi Koreyanın oğlan musiqiçilərdən ibarət 7 nəfərlik qrupu BTS əvvəlcə Asiyaya, sonra ABŞ və Avropaya yayılan K-Pop hərəkatının ən məşhur nümayəndələrindən biridir. Cənubi Koreya qanunlarına görə, hərbi yaş həddinə çatan qrup üzvləri məcburi əsgərliyə gedəcəklərindən, BTS son konsertini verib.

Qrup üzvləri 2025-ci ilədək musiqi təhsillərini fərdi şəkildə davam etdirəcəklərini açıqlayıblar.