Pakistanın bəxti gətirməyən 22 BAŞ NAZİRİ

15:25 04.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Baş naziri İmran Xan istefa verdi. Növbəti üç ayın tamamında ölkədə yeni seçkilər keçirilməli, formalaşacaq parlamentdə səs çoxluğu qazanan partiya və ya partiyalar yeni hökuməti təşkil edəcək və təbii ki, Baş naziri təyin edəcək.

Bu arada, İmran Xan artıq Baş nazir deyil, amma o, Anayasanın 224-cü maddəsinə əsasən, müvəqqəti Baş nazir təyin olununca – 15 gün ərzində vəzifəsini icra edəcək.

Pakistan qanunlarına görə, parlament tərəfindən seçilən müvəqqəti Baş nazir növbəti seçkilərədək ölkəni idarə edəcək. Amma burada bəzi xüsuslar var. Məsələn, parlament üzvləri Baş nazir postunu müvəqqəti tutması üçün konkret bir namizədin üzərində ortaq fikrə gələ bilməsələr, hətta Məclis dağılsa belə, parlament komitəsi yeni Baş naziri seçir. Yox. əgər parlament komitəsi də bu işi bacarmazsa, o zaman məsələ Pakistan Seçki Komissiyasına ötürülür. Prosesdə Seçki Komissiyası da uduzarsa, o zaman problemi Ali Məhkəmə həll edir.

Bu gün ölkədə yeni Baş nazirin kim olacağı məsələsində qarışıq fikir və mövqelər mövcuddur. Düzdür, bu yazını hazırladığımız vaxt Ali Məhkəmə prosesi araşdırırdı və ola bilər ki, yaxın saatlarda nəticə bilinsin.

Qeyd edək ki, İmran Xan Pakistanın 75 illik tarixində etimad səsverməsi ilə üz-üzə qalmış üçüncü Baş nazirdir. Belə ki, 1989-cu ildə Bənazir Butto və 2006-cı ildə Şövkət Əzizə qarşı etimad səsverməsi keçirilərək vəzifələrindən kənarlaşdırılıblar.

Mövcud olduğu 75 illik dövrdə Pakistanda 22 Baş nazir seçilib. Ölkə arada – 1958 - 1971, 1977 - 1988 və 1999 – 2008-ci illərdə isə ordu tərəfindən idarə olunub.

Çox maraqlıdır ki, Pakistanda mövcud olmuş, İmran Xan daxil 22 Baş nazirdən heç biri öz postunda 5 ilik müddəti başa vura bilməyib. Necə, hökumət xronikasına qısaca nəzər salaq:

Pakistanın müstəqilliyi elan edilən günün sabahı – 1947-ci il avqustun 15-də Liyaqat Əli Xan ölkənin ilk Baş naziri seçilir. Amma o, 5 illik missiyasını tamamlaya bilmir – 1951-ci il oktyabrın 16-da sui-qəsd nəticəsində öldürülür. Liyaqat Əli Xandan sonra bu posta Havaca Nazimuddin seçilir. Amma o da iki ildən az hökuməti idarə edir, 1953-cü il aprelin 17-də işindən kənarlaşdırılır. Daha sonra bu posta seçilmiş Məhəmməd Əli Bogra da bölgələrdən siyasi dəstək və parlamentdə yetərincə səs ala bilmədiyi üçün 12 avqust 1955-ci ildə vəzifəsindən azad edilir.

Ölkənin 4-cü Baş nazirinin də hakimiyyəti qısa çəkir - 1 il. Çaudri Məhəmməd Əli 1955-ci ildə seçildiyi postdan 12 sentyabr 1956-cı ildə partiyadaxili qarşıdurmalar səbəbindən istefa edir. Eynilə, 1956-cı ilin sentyabrında hakimiyyətə gəlmiş Hüseyn Şahid Sührəverdi də, 17 oktyabr 1957-ci ildə kreslosu ilə vidalaşır.

İbrahim İsmail Çundrigarın bəxti isə heç gətirmir. 17 oktyabr 1957-ci ildə Baş nazir seçilmiş cənab Çundrigar 11 dekabr 1957-ci ildə istefa verir. Onun yerinə gələn Firuz Xan Nun isə 10 aylıq iqtidarından sonra – ölkədə fövqəladə vəziyyət elan olunduğu üçün 7 oktyabr 1958-ci ildə işindən kənarlaşdırılır.

Pakistanda 13 il davam edən fövqəladə vəziyyət sona çatandan sonra Nurul Amin 1971-ci ilin dekabrında, Yahya Xanın idarəçiliyi altında Baş nazir olur və çox çəkmədən də postundan kənarlaşdılır. Bununla da Nurul Amin ölkə tarixində ən az – 13 günlük Baş nazir olaraq qalır.

Azərbaycanda da çox məşhur olan Zülfüqar Əli Bhutto (Bənazir Bhuttonun atası – V.T.) isə 14 avqust 1973-cü ildə ölkənin Baş naziri seçilir. O, 1977-ci ildə general Ziyaül Həqq tərəfindən hərbi çevriliş yolu ilə devrilir və 1979-cu ildə edam olunur. Bhuttonu bu postda 23 mart 1985-ci ildən etibarən Məhəmməd Xan Cuneco əvəzləyir və onun da iqtidarı 29 may 1988-ci ilədək davam edir.

Bhuttonun edamından sonra Pakistanda ilk sivil və adil seçki 1988-ci ildə keçirilir. Azərbaycanda və dünyanın hər yerində sevilən və hər kəsin qəlbində özünə yer tutmuş Bənazir Bhutto 1988-ci ilin noyabrında keçirilmiş seçkidə qələbə qazanaraq ölkəsinin ilk qadın Baş naziri seçilir. Amma onun da bəxti gətirmir, Bhutto korrupsiya və rüşvət qalmaqalı ilə, prezident Qulam İshaq Xan tərəfindən 6 avqust 1990-cı ildə Baş nazir postundan salınır və yeni seçkilərə gedilir. Seçki nəticəsində 1990-cı ildə hakimiyyətə gələn Nəvaz Şərif də prezident Qulam İshaq Xanın Məclisi buraxması nəticəsində 1993-cü ildə iqtidardan devrilir.

Bənazir Bhutto 1993-cü ildə yenidən Baş nazir seçilib, amma prezident Faruq Leghari tərəfindən 1996-cı ilin noyabrında hökumət başçısı postundan devrilir…

Bundan sonrakı siyasi proseslər də öz axarında getmir. Belə ki, 1997-ci ildə Baş nazir seçilmiş Nəvaz Şərif 12 oktyabr 1999-cu ildə general Pərviz Müşərrəf tərəfindən hərbi yolla hakimiyyətdən salınır. Bundan sonra, Pərviz Müşərrəfin nəzarəti altında, Mir Zəfərullah Xan Cəmali 2002-ci ildə Baş nazir seçilir. Amma o da çox işləyə bilmir, 2004-cü ilin iyun ayında istefa verir.

Cəmalidən sonrakı qısamüddətli hökumət başçısı ünvanı Çaudri Şucat Hüseynə aiddir. O, 2004-cü il iyunun 30-da parlamentdə keçirilmiş səsvermədə Baş nazir olub və həmin ilin avqustunda  postu Şövkət Əzizə ötürüb. Şövkət Əziz isə 15 noyabr 2007-ci ildə keçirilən növbəti seçkilərədək hökumətə rəhbərlik edib.

Yusif Rza Gilani 2008-ci ildə keçirilmiş seçkilər zamanı Pakistanın sayca 18-ci Baş naziri olub. Gilani 2012-ci ilin iyun ayında Ali Məhkəmə tərəfindən “Pakistanda ədalət sistemini tənqid etdiyi” üçün hökumət başçısı postundan salınır. Gilaninin boşaltdığı kresloda Raca Pervaiz Əşrəf oturur. O, 2012-ci ilin iyun ayından 2013-cü ilin mart ayında keçirilmiş seçkilərədək Baş nazir olur. 2013-cü ilin iyun ayında Nəvaz Şərif üçüncü dəfə Pakistanın Baş naziri seçilir. O, Ali Məhkəmə tərəfindən müqəssir sayılaraq 2017-ci ilin iyul ayında vəzifəsindən alındığı günədək - 4 il 53 gün iqtidarda qalır və bununla da ölkə tarixində ən uzunmüddətli hökumət başçısı ünvanını qazanır.

Şərifdən sonra bu posta Şahid Haqan Abbasi seçilir. O, 2017-ci ilin avqustundan 2018-ci il may ayının 31-dək Baş nazir olur.

Pakistan tarixinin sonuncu – 22-ci Baş naziri postuna 2018-ci ilin avqustunda keçirilmiş seçkilər nəticəsində İmran Xan seçilir. Hansı ki, hazırda o, bu postdan istefa verib.

Səbəbi nə olur-olsun, İmran Xan da qanunla 5 illik iqtidar dövrünü sona çatdıra bilmədi. Bu ölkədə əksər hökumət rəhbərləri özündən yuxarıdakı nəzarətçi şəxs tərəfindən istefaya göndərilsə də, İmran Xanı məhz dünyanı işğalçı, qaniçən siyasəti ilə heyrətləndirən, adını qəddar diktator olaraq tarixə yazdıran Putinlə vaxtsız və gözlənilməz əməkdaşlıq devirdi…

Oxunma sayı 4277
Siyasət rubrikasından digər xəbərlər