Konstitusiyamızın tələbinə görə, parlament seçkiləri bu il noyabr ayının əvvəlində olmalıdır. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, hər yerdə səsləndirilir ki, seçki, ola bilsin, noyabrda baş tutsun. Lakin COP29 tədbirinə görə, seçkilər önə də çəkilə bilər. "Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın", - o deyib.
Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Müasir çağırışlar nəzərə alınaraq, 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Həftə içi”nə bildirib ki, növbədənkənar parlament seçkiləri ölkədə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə bağlıdır. Onun sözlərinə görə, bu tədbir ölkənin imici, dövlət maraqları üçün önəmlidir və böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, beynəlxalq tədbirin vaxtının təyini bizdən asılı deyil. Tədbir avqust ayında olsaydı, yəqin ki, parlament seçkiləri vaxtında keçiriləcəkdi.
“Hüququ real münasibətlər tənzimləyir. İndi vaxt qıtlığına görə, bizim operativ referendum keçirib məsələləri orada həll etmək imkanlarımız məhduddur. Burada söhbət təkcə parlament seçkilərinin vaxtının dəyişdirilməsindən gedir. Bu dəyişiklik bələdiyyə seçkilərinə təsir göstərməyəcək. Bələdiyyə seçkiləri vaxtında - dekabr ayında keçiriləcək. Bu baxımdan parlament seçkiləri fors-major situasiyadan qaynaqlanan zərurətə çevrilib. Beynəlxalq tədbiri parlament seçkiləri ilə üst-üstə düşən səviyyədə apara bilmərik. Ölkəyə 80 min qonaq gəlir. Belə bir qarışıq məqamda seçki keçirmək böyük problemllər yarada bilər”.
F.Mustada hesab edir ki, seçkilər növbədənkənar formatda olmayacaq. Prezidentin sərəncamı ilə seçkilərin vaxtı təyin olunacaq və bu formada hüquqi boşluğun aradan qaldırılması yolu ilə həllini tapa bilər.
“Parlament seçkilərini geriyə çəkmək, uzatmaq olmaz, bu konstitusiyaya uyğun deyil, amma irəli çəkmək olar. Bu təcrübə praktikada var. Seçkilər irəliyə çəkilirsə, ən azı, 2 ay qabağa çəkilməlidir ki, tədbirə hazırlaşmaq imkanı olsun. Seçkilərin avqust-sentyabr aylarında keçirilməsi mümkündür, alternativlər yoxdur”.
F.Mustafa qeyd edib ki, burada hansı mexanizmlərin seçilməsi ümumi müzakirədən sonra qəbul olunacaq qərardan asılıdır. Onun fikrincə, seçkilər ayrıca sərəncamla və yaxud parlamentin özünü buraxması ilə də ola bilər.
F.Mustafa seçkilərdən istifadə edərək bəzi maraqlı dairələrin ölkədə gərginlik yarada bilməsi ehtimalına da birmənalı yanaşıb. O bildirib ki, Azərbaycan sabit bir ölkədir və parlament seçkilərinin ölkə həyatında hansısa bir mühüm dəyişikliklərə səbəb olacağını söyləmək doğru olmaz.
“Parlament seçkiləri qanunverici orqanın seçkiləridir. Bizdə prezidentli pespublika olduğuna görə böyük əhəmiyyət daşıyan siyasətin dəyişməsinə təsir edən əsas amil də məhz prezident seçkiləri ola bilər. Bu il ölkədə Prezident seçkiləri keçirilib və onun nəticələri, keyfiyyəti hər kəsə bəllidir. Yəqin ki, parlament normal şəkildə formalaşacaq. Bu da parlamentdə yeni konfiqurasiyanın necə dəyişəcəyindən asılı olan məsələdir. Bütövlükdə parlament seçkilərinin hansısa bir şəkildə ölkədə bir siyasi kursa təsir edəcəyini gözləmək sadəlövhlük olar. Ümumi mənzərə odur ki, yenə də hakim YAP öz mövqeyini qoruyub-saxlayacaq. Müəyən dərəcədə hansısa siyasi partiyaların sayı, yaxud imkanları daha fərqli şəkildə arta bilərsə, onda məhz bəzi məsələlərdə hansısa bir şəkildə fərqlilik gözləmək mümkündür”.
F.Mustafa hesab edir ki, parlament seçkilərində proporsional seçki sistemindən söhbət getmir. O, seçkilərin tipik mojoritar seçki sistemində olacağını deyir.
“Seçkidən əvvəl hər hansı bir referendumla dəyşikliklər olmadı. Ona görə də mövcud konstitusiyanın tələbinə uyğun olaraq seçki keçiriləcək və sistemin hansısa bir şəkildə dəyişməsi mümkün deyil”.
Siyasi partiyaların parlamentdə sayı ilə bağlı məsələyə gəlincə, deputat onsuz da bu sayın böyük olduğunu deyib. Onun fikrincə, say çox olsa da, təsir imkanları azdır. Çünki parlamentdə hər bir partiyadan bir, üç nəfər nümayəndə var. Bu da mojaritar sistemin ortaya qoyduğu çətinliklərdir.
“Proporsional seçki olsaydı, ən azı, hər partiyadan parlamentdə 3-4 nəfərlə təmsil olunardı. Bu, partiya institutunun daha da ciddiyyət qazanmasına gətirib çıxarardı. İndiki şərtlərlə bunun necə olacağını söyləmək çətindir. Majoritar qaydada hər partiyadan neçə nəfərin keçəcəyini proqnozlaşdırmaq çox çətindir”.
F.Mustafa siyasi partiya nümayəndələri ilə bağlı parlamentdə müsbət tendensiya yaradıldığını deyib. O, partiya rəhbərlərinin, təmsilçilərinin müəyyən dərəcədə parlamentdə Milli Məclsin sədr müavini, Komitə sədri, onun müavinləri səviyəsində təmsilçilik əldə etmələrini müsbət hal kimi dəyərləndirib. O, bununla yanaşı hesab edir ki, azlıqda olan partiyalar üçün belə imkanlar genişləndirilməlidir.
Siyasi ekspert Fuad Əliyev də seçkilərin inidiki reallığa adekvat olduğunu qeyd edir: “Əgər bu gün parlament seçkilərinə start verilərsə hazırlıqlar 2 ay çəkəcək. Deməli, seçki yay aylarına düşür. Seçkilərin irəli çəkilməsində heç bir problem görmürəm. Bu sırada parlamentin özünün buraxılması da ola bilər, dövlət başçısının qərarı da”.
F.Əliyev parlamentin say məsələsi və digər dəyişikliklərin referenduma çıxarılmasının vacibliyini qeyd edib. Bildirib ki, hər bir seçkidə yeni parlamentin formalaşması arzulanır.
Ekspert proporsional seçkinin bərpası ilə bağlı düşüncələr olsa da, bir çox dəyişikliklərin referendumla həll olunduğunu qeyd edib. Bildirib ki, referendum keçirilmədiyinə görə, məsələlərin sonrakı mərhələdə həlli mümkündür.
“Seçkilərdən əvvəl referendumun keçirilməsi gözlənilirdi. Mövcud reallıqlar, ölkədə böyük bir beynəlxalq tədbirin vaxtının təyin edilməsi bu məsələni sonrakı mərhələyə saxladı. İndiki reallıqda, yəni beynəlxalq tədbirin keçiriləcəyi mərhələdə seçkilərin keçirilməsi nəzərdə tutulur. Görünür ki, hələ ki, buna ehtiyac yoxdur".
F.Əliyev bildirir ki, seçkidə əsas məsələ məntəqə, dairə seçki komissiyalarının formalaşdırılması üçün namizədlərin yetərli sayda üzvlərinin olması deyil, keyfiyyətli işin ortaya qoyulmasıdır. Seçkidə iştirak edən namizədlər üçün əsas şərt özünün seçki platformasını təqdim etməsi, seçicini inandırması, səsini qazanmasıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə hafta.az-a bildirib ki, Azərbaycan Konstitusiyasında növbədənkənar parlament seçkiləri ilə bağlı müddəalar var.
“Hazırkı parlament 2020-ci ilin fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə formalaşıb və artıq 5-ci ilə keçib. Konstitusiyanın müddəasına görə, bu il noyabrın ilk bazar günündə, yəni noyabrın 3-də parlament seçkiləri keçirilə bilər. Bu da imperativ qayda deyil. Konstitusiyanın digər müddəasında parlamentin səlahiyyət müddətinin 5 il olduğu göstərilir. Məlum 5-ci il isə növbəti il fevralın 9-da tamam olacaq”.
Partiya sədri hesab edir ki, hər iki tarixlə bağlı problem var. Bələdiyyə seçkiləri dekabrda keçiriləcək və parlament seçkilərinin noyabrda keçirilməsi hər iki seçki ilə bağlı kampaniyaları üst-üstə düşürə bilər. Eyni zamanda qeyd edib ki, parlament seçkiləri fevralda keçirilsə belə parlament seçkiləri 2 ay əvvəldən elan olunmalıdır. Yəni təbliğat dövrü seçkilərin üst-üstə düşməsi səbəbindən də problem yarana bilər.
A.Əlizadə bu mənada siyasi cameədə parlament seçkilərinin irəli çəkiləcəyi və yay aylarında keçiriləcəyinin gündəmə gətirildiyini deyib. Ona görə də hesab edir ki, parlament növbəti dəfə özünü buraxmalıdır. Bundan sonra 2 aydan sonra seçkilər keçirilə bilər.
A.Əlizadə parlament seçkilərindən sonra bir sıra islahatların həyata keçirilməsi üçün referendumun keçirilməsi təklifi üzərində dayanıb. Onun fikrincə, referendumla proporsional seçki sistemini bərpa edib qarışıq seçki sisteminə keçmək mümkündür.
A.Əlizadə, eləcə də parlamentin say tərkibinin artırılması, idarəetmə ilə bağlı bələdiyələrə əlavə səlahiyyətlərin verilməsinin referenduma çıxarılmasını mümkün sayıb. “Referanduma parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı müddəa da əlavə edilə bilər və qanunvericilikdə olan boşluqlar aradan qaldırılar. Seçkilərin keçirilməsi konstitusiya ilə deyil, seçki məcəlləsi ilə tənzimlənsə daha düzgün olar və gələcəkdə belə problemlər yaşanmaz. Eləcə də proporsional seçki sistemi bərpa olunmalıdır və partiyaların parlamentdə təmsilçiliyi artırılmalıdır. Siyasi partiyaların ölkənin siyasi gündəminə təsir imkanları genişləndirilməlidir”.
Partiya sədri hesab edir ki, bitərəflər deputatlar məsələsinə bir qədər fərqli yanaşma olmalıdır. “Parlamentdə heç bir partiyanı təmsil etməyən deputatlar, namizədlər var. Həmin deputatların qanunvericiliyə müvafiq seçki komissiyalarının formalaşmasında iştirakı var. Seçki komissiyaları 3 tərkibdən ibarət olur: parlamentdə çoxluq təşkil edən siyasi partiyaların təmsilçiliyi, parlamentdə azlıqda olan partiyaların təmsilçiliyi və bitərəflərin məntəqə, dairə və MSK-a təqdim etdiyi nümayəndələr”.
A.Əlizadə bildirib ki, yalnız özünü təmsil edən bitərəf deputatın ölkə üzrə 5 mindən artıq məntəqəyə, 125 dairəyə, MSK-ya komissiya üzvləri vermək imkanları real deyil. Onun fikrincə, siyasi təşkilatların belə imkanları olsa da, bu daha çox əhatəsi, rayon təşkilatları olan partiyalara aiddir.