Parlamentdə məsələ qaldırıldı: rus miqrantlardan 350 dollar işğal vergisi alınsın

13:18 30.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası Gürcüstan parlamentinə təqdim etdiyi təkliflə ölkəyə gələn Rusiya vətəndaşlarından 1000 lari “işğal vergisi” almağı təklif edib. Sözügedən məbləğ 350 dollara uyğundur.

Hafta.az-ın yazdığına görə, təklifə səbəb kimi “Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsi” göstərilib. Onların təklifinə əsasən, 1000 lari vergi ödəməyənlər ölkəyə buraxılmamalıdır. "Vahid Milli Hərəkat" nümayəndələri iddia edirlər ki, qanun layihəsi sayəsində ölkəyə gələn Rusiya vətəndaşlarının sayı xeyli azalacaq.

Sentyabrın 21-də elan edilən qismən səfərbərlikdən sonra Rusiya vətəndaşları Gürcüstana, eləcə də Qazaxıstan və Finlandiyaya axın edib. İki ölkə arasında yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində kilometrlərlə avtomobil növbəsi yaranıb.

Ekspertlər təklifin qəbul olunacağını gözləmirlər. Müvafiq olaraq, Gürcüstanın bu ilin ilk yarısında qeyd etdiyi 11 faizlik iqtisadi artımın arxasında Rusiyadan gələn immiqrasiya böyük paya malikdir.

Oxunma sayı 1787