Qarabağdan Ermənistana könüllü olaraq köçmüş ermənilərlə bağlı məsələ İrəvan hakimiyyətinin, ən çox da Paşinyanın baş ağrısına çevrilib. Nikol onlardan qurtulmağın, Ermənistanı tərk etmələrinin yollarını arayır.
«Ermənistan hökumətinin dünənki iclasında Artsaxdan (Qarabağ red.) «məcburi» köçkün düşmüş soydaşlarımıza qaçqın statusu verilib. Ermənistan hakimiyyətinin bu addımı Artsax sakinləri arasında birmənalı qarşılanmır». Bu barədə “Hraparak” qəzeti yazır.
“Bəzi Artsax sakinləri belə bir qərarı səbirsizliklə gözləyirdilər, çünki onların Ermənistan hakimiyyəti ilə heç bir ümidləri yoxdur və bu status onlara istənilən ölkədən siyasi sığınacaq üçün müraciət etmək imkanı verəcək.
Digərləri, Artsaxın gələcəyinə ümidini itirməyənlər isə ümidsizliyə qapıldılar. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə status və köçkünlərin öz vətənlərinə qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır və belə bir status verməklə yaxın gələcəkdə Ermənistanın «Artsax xalqından azad ediləcəyinə” ümid edir». "Hraparak" yazır.
Göründüyü kimi, İrəvan hər vəchlə Azərbaycanı «etnik təmizləmə», «soyqırıma cəhd» kimi əsassız ittihamlarda suçlamaq üçün öz məkrli niyyətindən əl çəkmir. Bu işdə onun əsas dayağı isə həmişə olduğu kimi bir süra Qərb dairələridir.