Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunda respublika hökuməti tərəfindən hazırlanmış "Sülh qovşağı” layihəsinin təfərrüatlarını təqdim edib.
Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
Paşinyanın sözlərinə görə, layihənin əsas qayəsi Ermənistan, Türkiyə, Azərbaycan, İran və Gürcüstanda kommunikasiyaların inkişafıdır.
“Ermənistanın cənubundan və şimalından keçən yollar 30 ildir regional mənada işləmir. Şərqlə qərbi birləşdirən çoxsaylı yollar da işləmir və onlardan istifadə Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirmək üçün effektiv vasitəyə çevriləcək”, - Paşinyan bildirib.
Ermənistan baş naziri vurğulayıb ki, bütün infrastrukturlar keçdiyi ölkələrin suverenliyi əsasında fəaliyyət göstərməli, hər bir ölkə öz ərazisində, öz qurumları vasitəsilə sərhəd və gömrük nəzarəti həyata keçirməli, təhlükəsizliyi təmin etməli, bütün dövlətlər infrastrukturlardan bərabərlik və qarşılıqlı faydalılıq prinsipi əsasında istifadə etməlidirlər.