Pavel Durov: "İllik maaşım 25 rubldur"

09:44 27.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın “Le Monde” qəzetinin yazdığına görə, Telegram-ın qurucusu Pavel Durov avqust ayında Fransada dindirilərkən illik maaşının cəmi 25 rubl olduğunu açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Durovun şəxsi sərvəti 9 milyard - 15,5 milyard dollar arasında qiymətləndirilir.

Pavel Durov illik qazancının "yalnız bir dirhəm" olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya valyutasına çevrildikdə bu rəqəm ildə cəmi 25 rubla uyğun gəlir. “Le Monde” xəbər verir ki, bu açıqlama fransız müstəntiqləri heyrətə salıb.

Xəbərdə aşağıdakı ifadələr yer alır: “Pavel Durov özünü asket kimi göstərməyi xoşlayır: o, ət və süd məhsulları istehlak etmir, qəhvə içmir, spirt və ya narkotik istifadə etmir. O hər səhər soyuq duş qəbul edir, səhrada meditasiya edir. Bu, təbii ki, onun milyarder iş adamı olduğunu nəzərə alsaq, izləyicilərini heyrətə salmışdı. 2014-cü ildə VKontakte-dəki səhmlərini sataraq təxminən 300 milyon avro qazanan Durov bütün Telegram-ın sahibidir və bu səhmlər bəzi investisiya fondları tərəfindən təxminən 30 milyard dollar dəyərində qiymətləndirilir”.

Bununla belə, Durov “Financial Times”a müsahibəsində etiraf edib ki, 2023-cü ildə birjaya çıxması planlaşdırılan Telegram hələ də qazanc əldə etməyib. Bu, onun şəxsi maliyyə vəziyyəti ilə bağlı bəzi suallar doğurur, çünki onun sərvəti 9-15,5 milyard dollar arasında qiymətləndirilir.

Fransa prokurorluğu üçün Durovun qazancı mühüm amil idi. Çünki məhkəmə onun Fransanı tərk etməyəcəyinə zəmanət verəcək girov təyin etməli idi. İttiham tərəfi ilkin olaraq 20 milyon avro girov, polisə mütəmadi baş çəkmək və digər nəzarət tədbirləri tələb edib. Bununla belə, məhkəmə sonda girov məbləğini 5 milyon avroya endirib - yəqin ki, Durovun gəlirləri ilə bağlı açıqlaması təsir edib.

“Le Monde”un qiymətləndirməsinə görə, mövcud məlumatları nəzərə alsaq, müəyyən edilmiş girov məbləği kifayət qədər aşağıdır. “Bu vəziyyət diqqətəlayiqdir, xüsusən ona görə ki, Durov apreldə Tucker Carlsona verdiyi müsahibədə heç bir daşınmaz əmlaka sahib olmadığını və şəxsi əmanətlərini müxtəlif banklarda və kripto pul kimi saxladığını söyləmişdi”.