Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bölgədəki vəziyyəti təhrif edən açıqlaması ilə gündəmə gəldi. Sərhəddə baş verən insidentlə bağlı Azərbaycana qarşı əssasız və ədalətsiz ittihamlar irəli sürdü. Bu səfər və səsləndirilən əsassız ittihamlar Azərbaycan siyasi palitrası tərəfindən də kəskin şəkildə qınanılır. “Həftə içi” açıqlama verən siyasi partiyaların təmsilçiləri ABŞ Nümayəndələr Palatasının spikerini haqqın yanında olmağa çağırıb.
AMİP sədri Arzuxan Əlizadə:
- 44 günlük Qarabağ savaşında Azərbaycanın qələbəsi bölgədə qüvvələr nisbətini, reallıqlar nisbətini tam olaraq Azərbaycanın xeyrinə dəyişib. Müharibədən dərhal sonra Azərbaycan sərt mövqeyini ortaya qoyaraq, ATƏT-in Minsk Qrupu vasitəçiliyindən imtina etdiyini bəyan edib. Həmsədrlərdən biri olan ABŞ vasitəçilik missiyasından kənarda qalmaqla, eyni zamanda regionu nəzarətdə saxlamaq imkanlarından da məhrum olmaqdadır. 44 günlük müharibədən sonra faktiki olaraq Rusiyanın, paralel olaraq Avropa İttifaqı Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tərəflərin bir araya gəlinməsinə nail olunub. ABŞ bu kontekstdə növbəti dəfə Minsk Qrupunu dirçəltmək çapaları göstərir. Vaşinqton faktiki olaraq Ermənistanın tərəfini tutub. Nensinin, Baydenin təmsil olunduğu cameə 1992-ci ildə Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin qəbul olunmasına vəsilə olub. Bunların ermənipərəst siyasəti 30 ildir davam edir. ABŞ Demokratlar Partiyası nümayəndələrinin ermənilərə münasibətində təəccüblü bir şey yoxdur. Ermənistanın hazırkı baş naziri Paşinyan SOROS-un və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilib. Onun vasitəsilə Ermənistanı Rusiyadan qoparıb Qərbə yönəltmək, Ermənistan vasitəsilə regionda nəzarəti öz əllərində saxlamaq siyasəti yürüdülür. Son sərhəd hadisələrində Paşinyanın nüfuzuna daha bir zərbə vurulub. Bu səfər Paşinyanın laxlayan hakimiyyətini möhkəmləndirmək məqsədi güdür. AMİP olaraq ABŞ-ın hazırkı hakimiyyətinin Azərbaycana qarşı sərgilədiyi münasibəti şiddətlə qınayırıq. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərini qorumaq haqqdır. Heç kəs müstəqil dövlətin özünü qoruma haqqını əlindən ala bilməz.
ALDP sədri Fuad Əliyev:
- ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bəyanatları regionda sülhə yox, gərginliyin daha da artırmasına xidmət edir. Fikrimcə, onun əsas məqsədi Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, ziddiyyətləri dərinləşdirməkdir. Xanım Pelosi açıq-aşkar ermənilərə olan sevgisini nümayiş edir. Onu müşayiət edənlərdən üçü erməniəsilli idi. Xanım Pelosinin Azərbaycan və Türkiyəyə qarşı söylədiyi fikirlər onun anti-türk düşərgənin üzvü kimi büruzə verir. ABŞ-da ən qəti ermənipərəst siyasətçilərdən biri kimi tanınır. Xanım Pelosinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. "Ədalətdən" danışan Pelosi bu vaxtadək Azərbaycana qarşı Ermənistanın təcavüz, işğalçılıq siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi, milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından didərgin düşməsi və digər bu kimi ağır cinayətlərlə bağlı məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib. ALDP olaraq ABŞ Konqresinin bu cür ədalətsiz mövqe tutmasını şiddətlə qınayırıq.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli:
- Pelosinin Ermənistana səfəri ABŞ Konqresinin Nümayəndələr Palatasına noyabrda keçiriləcək aralıq seçkilərlə birbaşa əlaqəlidir. Bu səfər ilk növbədə həmin seçkilərdə ABŞ-dakı erməni disporunun rəğbətini qazanmaq, erməni əsilli amerika vətəndaşlarından mümkün qədər daha çox səs toplamaq və eyni zamanda seçki kampaniyası üçün onlardan daha çox yardım almaq üçündür. Hamıya, o cümlədən amerikan syasətçilərinə aydındır ki, erməni diasporu ABŞ kifayət qədər təşkilatlanıb və ayrı-ayrı dairələrdə seçkilərin nəticələrinə təsir göstərmək imkanındadir. Pelosinin İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar bu konteksdə nəzərdən keçirilməlidir. Bu açıqlamalar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti tərəfindən haqlı olaraq erməni lobbisinin təsiri altında olan Amerika siyasi dairələrinin antiazərbaycan və antitürk mövqeyinin nümayişkəranə və kobudcasına ifadəsi kimi qiymətləndirilir. Bu cür açıqlamalar Ermənistanda revanşist meylləri stimullaşdırir və təcavüzkarın şirnikləndirilməsi kimi qiymətləndirilməlidir. Bu yaxınlarda Fransada prezident seçkiləri zamanı namizədlərdən biri də oxşar addımlar atmışdı. Lakin onun Ermənistana və Xankəndinə səfəri seçkilərdə uğur gətirmədi. İnşallah xanım Pelosiyə də heç bir uğur gətirməyəcək. Aydınlar Partiyası olaraq ABŞ-ın ədalətsiz mövqeyini qınayırıq.
Azad Vətən Partiyasının sədri Akif Nağı:
- ABŞ-ın Qarabağla bağlı mövqeyinin həmişə ədalətsiz olduğunu demişik.Hələ 1989-cu ildə “dünya Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə fəaliyyətə keçməsindən xəbərsiz” olduğu bir vaxtda ABŞ Konqresi Azərbaycana qarşı qətnamə qəbul edib. Həmin qətnamədə guya ABŞ “Dağlıq Qarabağ”dakı ermənilərin haqq-ədalət mübarizəsini müdafiə edib. Daha sonra 1992-ci ildə “907-ci düzəlişi”, 1998-ci ildə “Dağlıq Qarabağ”dakı qondarma quruma yardımla bağlı qərarı qəbul edib. Ondan sonrakı illərdə də ABŞ daim Azərbaycanın maraqlarına zidd olan mövqe ortaya qoyub. Bu 2007-2008-ci illərdəki Madrid Prinsiplərində də özünü göstərdi. ABŞ indi də mövcud status-kvodan narazıdır. Bilirik ki, 44 günlük müharibədən sonra ABŞ-ın Azərbaycana mövqeyi sərt oldu. Azərbaycanı qınadılar, ittiham etməyə cəhd elədilər. Bu gün də Minsk Qrupunu gündəmə gətirir, status məsələsini önə çəkirlər. Onların fikrincə, guya “Qarabağ münaqişəsi” bitməyib. Son hadisələr də bunun davamıdır. Nensi Pelosi bütün canı-qanı ilə erməniləri müdafiə edir. O, qondarma “soyqırım” məsələsində də ernmənilərin tərəfində durur. O, bu gün də Azərbaycanı ittiham edən çıxışlar edir, ermənilərin hərbi müdafiəsində duracaqlarını deyirlər. ABŞ regionu yenə öz plazdarmına çevirmək istəyir. Bu xətt ABŞ prezidenti tərəfindən müdafiə olunacaq ya yox, bilinmir. Azərbaycan dövlətinin haqlı mövqeyinin yanınadıyıq, ABŞ-ın bu qərəzli münasibətini pisləyirik.