Poladla birlikdə Şuşada elitar musiqi məktəbi açmaq istəyirik - Fərhad Bədəlbəyli

14:30 08.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşada musiqi məktəbi orda mütləq olmalıdır. Çünki Şuşa musiqi ilə sırf bağlı şəhərdir. Şuşa elə bir şəhərdir ki, orda festivallar, simpoziumlar keçirilməli, xarici ölkələrdən turislər gəlməlidir.

Bu fikirləri hafta.az-a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib.

Onun sözlərinə görə, yəni şəhər yaşamalıdır, biz onu ən yüksək səviyyədə bərpa edəcəyik:

"Biz Poladla birlikdə Şuşada elitar bir musiqi məktəbinin açılması barədə fikirləşirik. Bu barədə öz təkliflərimizi vermişik. İndi görək necə olacaq. Bilirsiz, Şuşa çox balaca bir yerdir. Əhali öz doğma evlərinə qayıtmağını gözləyir. Ona görə də biz bütün planı nəzərdə tutaraq öz təkliflərimizi vermişik. Əlbəttə ki, lap böyük məktəb olmasa da, yay aylarında ustad dərsləri keçilməlidir. Bunun üçün orda bir mədəniyyət ocağı olmalıdır. Ya məktəb binası, ya mədəniyyət evi, ya bir teatr binası kimi bir ocaq olsa, orda ustad dərsləri keçilməlidir. Bizim muğam, simfonik, kamera musiqiləri sahəsində böyük professorlarımız var. Onların biliklərindən istifadə etməklə dərslər keçilməlidir. Mən “elit” deyəndə ən istedadlı uşaqların toplanacağı məktəbi nəzərdə tuturam. Hardasa 20-25 nəfəri götürüb orda dərs keçirik. Mən Şuşada yaranacaq məktəbi bu formada görürəm".