Praqada Atatürkə heykəl qoyulmasına imkan verilmir

11:55 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Praqada parkların birində Mustafa Kamal Atatürk heykəlinin qoyulması planına bələdiyyə məmurlarından bəziləri etiraz edib.

Hafta.az-ın yazdığına görə, Türkiyənin Praqadakı səfiri Egemen Bağış prosesin hələ bitmədiyini və mübarizənin davam etdiriləcəyini bildirib.

“Praqada bir parka Atatürk heykəlinin qoyulması cəhdləri ilə bağlı şəhər bələdiyyəsində koalisiya partiyalarından biri problem yaradıb”, - deyib səfir Bağış.

Bağış xatırladıb ki, Türkiyə ilə Çexiya arasında sıx münasibətlərin əsası 1924-cü ildə qoyulub, 1928-ci ildə Türkiyənin Praqada səfirliyi açılıb.

Bağış sözlərini belə davam etdirib: "Səfirlikdə Atatürkün heykəli yox idi. İki il əvvəl, noyabrın 10-da Çexiyada Atatürkün ilk heykəlini səfirliyimizin bağçasında açdıq. Parkda Atatürkün heykəlinin olmasını istəyirdik. Rayon meri qəbul etdi, sponsor tapdıq. Çexiya Xarici İşlər Nazirliyi müsbət rəy verdi. Çexiya Baş Nazirliyinin Milli Təhlükəsizlik Müşavirindən də müsbət rəy aldıq. Amma bir rayon bələdiyyəsi daxilində koalisiya quran kiçik partiyaların (PRAHA SOBE) problem yaradıb. Rayon Bələdiyyə Şurası məsələ ilə bağlı aralıq qərar qəbul edib. Cümə axşamı bələdiyyə sədri ilə yenidən görüşəcəm. Niyyətimiz bəllidir: cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirəsini anmaq istəyirik”.

Çexiyada Türkiyə əleyhinə lobbilərin mövcudluğuna diqqət çəkən Bağış, onlara qarşı mübarizəni davam etdirdiklərini vurğulayıb.

Bağış, Atatürkün heykəlinin parka qoyulması tələbi prosesində bələdiyyə sədrinin koalisiyanın strukturuna görə siyasi təhdid altında olduğunu ifadə edərək, "Onların bir az zamana ehtiyacları var. Praqada 19 rayon bələdiyyəsi var. Lazım gələrsə, digər variantları nəzərdən keçirəcəyik. Proses davam edir” deyib.

“Çexlərlə əlaqələrimiz Osmanlı dövründə də Avropanın təhlükəsizliyi və sabitliyi üçün birlikdə qan tökəcək qədər güclü idi. Biz hər il bu ölkədəki türk şəhidliklərində Çexiya rəsmilərinin iştirakı ilə 18 Mart Şəhidlər Günündə anım tədbirləri keçiririk. Üç qəbiristanlığın illik qulluğu da səfirliyimiz tərəfindən həyata keçirilir”, - o bildirib.

Siyasət rubrikasından digər xəbərlər