Problemli kreditlər yenidən artır

14:34 05.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda problemli kreditlərin həcmi yenidən artmağa başlayıb. Belə ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib. Bu göstərici cari il oktyabr 1-i ilə müqayisədə 200 min manat az olsa da, ilin əvvəli ilə müqayisədə sektorun vaxtı keçmiş kreditləri 9,6 faiz, ötən ilin eyni dövrünə nisbətən 8.9 faiz artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7 faiz təşkil edib.

Statistikaya görə, ölkə üzrə problemli kreditlərin əksər hissəsi – 325 milyon manatı Bakı şəhərinin payına düşür. Digər şəhər və rayonlarda problemli kreditlərin həcminə gəlincə, Sumqayıt şəhəri üzrə 14 milyon manat, Gəncə şəhəri üzrə11,5 milyon manat, Zaqatala rayonu üzrə 7,3 milyon manat, Abşeron rayonu üzrə 4,5 milyon manat, Şəmkir rayonu üzrə 4,4 milyon manat, Naxçıvan şəhəri üzrə 4,4 milyon manat, Yevlax rayonu üzrə 4 milyon manat, Bərdə rayonu üzrə 3,1 milyon manat, Neftçala rayonu üzrə 3 milyon manat, Xaçmaz rayonu üzrə 2,9 milyon manat, Quba rayonu üzrə 2,8 milyon manat, Tovuz rayonu üzrə 2,8 milyon manat, Lənkəran rayonu üzrə 2,7 milyon manat, Salyan rayonu üzrə 2,7 milyon manat, Şirvan şəhəri üzrə 2,3 milyon manat, Mingəçevir şəhəri üzrə 2.0 milyon manat, Cəlilabad rayonu üzrə 1.9 milyon manat, Şəki rayonu üzrə 1.8 milyon manat, Qazax rayonu üzrə 1.3 milyon manat, Şabran rayonu üzrə 1.3 milyon manat təşkil edib. İmişli, Ağcabədi, Göyçay və Masallı rayonları üzrə hər biri 0,9 milyon manat, İsmayıllı, Kürdəmir, Ağdaş, Saatlı, Ağstafa və Sabirabad rayonları üzrə hər biri 0,8 milyon manat, Qəbələ, Qusar, Goranboy rayonları üzrə hər biri 0,7 milyon manat, Şamaxı, Tərtər rayonları: hər biri 0,6 milyon manat, Biləsuvar, Siyəzən, Göygöl rayonları üzrə hər biri 0,5 milyon manat, Beyləqan, Hacıqabul, Ucar, Gədəbəy rayonları üzrə hər biri 0,4 milyon manat, Ağsu, Zərdab, Culfa, Samux rayonları üzrə hər biri 0,3 milyon manat, Füzuli, Astara, Balakən, Qax, Kəngərli rayonları üzrə hər biri 0,2 milyon manat, Qobustan, Ağdam, Daşkəsən rayonları üzrə hər biri 0,2 milyon manat, Lerik, Yardımlı, Oğuz, Şərur, Naftalan şəhəri üzrə hər biri 0,1 milyon manat olmaqla problemli kredit qeydə alınıb.

Bəs, görəsən, problemli kreditlərin yenidən artmasına səbəb nədir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, problemli kreditlərin həcmin artmasının əsas səbəbi əhalinin ödəmə qabiliyyətinin aşağı düşməsindən irəli gəlir: “Son illər insanların gəlirləri azalıb, xərcləri isə artıb ki, bu da kreditlərin geri qaytarılmasına mane olur. Vətəndaş istər biznes, istər istehlak, istərsə də digər məqsədlər üçün bankdan aldığı kreditlə problemlərini həll etmək, yaxud özünə biznes sahəsi yaratmaq istəyir, amma bu mühiti yarada bilmədiyi üçün əlindəki vəsait heç bir işə yaramır, üstəlik, borcunu geri qaytara bilmir. Nadir hallarda isə problemin səbəbi vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır. Yəni bəzi şəxslər gəlirləri olsa da, olmasa da borcunu ödəmək istəmir. Burada bir məsələ də var, son illər kreditin sayında artım olduğu üçün təbii ləngimələr olur. Əslində, biz buna ilin sonunda diqqət yetirsək, stabilləşməni görəcəyik. Yəni hələ ki elə bir ciddi problem müşahidə olunmur. Doğrudur, xüsusi çəkidə problemli kreditlər, istehlak kreditləri də var. Yəni əhali tərəfindən kredit götürülür, ödənilməyən kreditlər də sonra öz əksini tapır. Ümumilikdə, kredit verilməsinin payı artdığı üçün və bir neçə gün gecikmə olduqda, dərhal statistik məlumatlara düşür, problemli hesab olunur”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, problemli kreditlərin həcminin artması daha çox istehlak kreditləri ilə bağlıdır:

"2015-ci illə müqayisədə son iki il ərzində problemli kreditlərin həcmində kifayət qədər azalma qeydə alınıb. Bu istiqamətdə aparılan ciddi tənzimlənmə və nəzarət mexanizmlər sayəsində effektiv nəticə əldə olunub. Təəssüf ki, son dövrlər problemli kreditlərin həcmində yenidən artım müşahidə olunur. İstehlak kreditlərinin həcminin biznes və ipoteka kreditləri ilə müqayisədə kəskin artması problemli kreditlərin həcminin də artmasına səbəb olub".

E.Əmirovun fikrincə, dünya praktikasında problemli kreditlərin qarşısını almaq üçün konkret bir mexanizm tətbiq olunmur. Sadəcə olaraq, istehlak kreditlərinin verilməsi şərtləri yenidən müzakirə mövzusu olmalıdır: “Mövcud problemli kreditlərin həcminin artmaması üçün istehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılmalıdır. Yəni istehlak kreditlərinin şərtlərinin bir qədər sərtləşdirilməsinə ehtiyac var. Əksər vətəndaşlar götürdükləri istehlak kreditlərinin ödənməməsi fonunda yarana biləcək riskləri nəzərə almırlar. Nəticədə bu tip kreditlər sonradan problemli kreditlərə çevrilir. Ona görə də müraciətçilərin ödəmək imkanları ciddi təhlil edilməli və daha doğru qərarlar verilməlidir".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli də hesab edir ki, problemli kreditlərin yaranmasının əsas səbəbi əhalinin gəlirlərinin getdikcə azalmasından qaynaqlanır:

"Əgər, problemli kreditlərin kütləsinin artmasını müşahidə ediriksə, deməli bunun səbəbi əhalinin gəlirlərinin azalmasıdır. Əhalinin imkanları daraldığı zaman, kredit qaytarma qabiliyyəti də, azalır. Eyni zamanda, ölkədə kredit çox bahadır. Bu, isə imkansız vətəndaşı daha çox pul ödəməyə vadar edir. Nəticədə, problemli kreditlər formalaşır".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirir ki, əslində, hər kəs kredit götürərkən öz öhdəliyini ciddi şəkildə ölçüb-biçməlidir:

“Problemli kredit, adətən, kredit götürənin maliyyə problemlərinin olması ilə bağlı olur. Sözsüz ki, bəzi hallarda faiz borcları da üzərinə gələrək ödəniləcək borc böyüyür. Hər kəs kredit götürərkən öz öhdəliyini ciddi şəkildə ölçüb-biçməlidir. Bəzən insanlar istehlak kreditlərini lazım oldu-olmadı məişət əşyaları almaq və digər vacib olmayan ehtiyaclarını ödəmək üçün götürür. Ödənilmədikdə isə problemlər yaranır. Baxmayaraq ki, bizdə banklar bəzi hallarda şərtləri sərtləşdiriblər. Gördüyümüz kimi, problemli kreditlər böyüyür. Böyümənin səbəbi isə iqtisadi proseslərlə bağlıdır. Yəni insanlar bəzən gəlirlərini, işlərini itirirlər ona görə də ödəmələrində problemlər yaranır. Problemli kreditləri daha çox istehlak kreditlərində müşahidə edirik. İnsanlar kredit götürərkən ölçüb-biçsələr, yəni bir ildən sonra işsiz qalsalar, hazırkı gəlirlərini itirsələr krediti hansı vasitə ilə ödəyəcəklərini düşünməlidirlər. Əgər bunları ölçüb-biçsələr və maliyyə savadlılığını artırsalar problemli kreditlərin sayı artmaz”.