Puta qəsəbəsində növbəti səyyar görüş keçirilib

17:19 25.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qəsəbə aylığı” görüşləri çərçivəsində Qaradağ rayonunun Puta qəsəbəsində növbəti səyyar görüş keçirilib.

Hafta.az yazır ki, Puta qəsəbə sakinlərinin iştirakı ilə təşkil olunan səyyar görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla yanaşı İcra Hakimiyyətinin məsul işçiləri, rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər. Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi üzrə nümayəndəsi Lalə Məhərrəmovanın 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib. Sakinlərin böyük fəallığı, yaradılan səmimi şəraitdə və ənənəvi “Açıq mikrofon” formatında keçən səyyar görüşdə çıxış edən sakinlər Bakı şəhərində, eyni zamanda, Puta qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Sakinlər ötən dəfəki görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.

Daha sonra sakinlərin müxtəlif məsələlərlə bağlı verdikləri sualları cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb.

Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib, səsləndirilən problemlərdən bəziləri yerindəcə aradan qaldırılıb, həlli vaxt tələb edən problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.