Kremldən videokonfransa qoşulan Rusiya lideri Vıadimir Putin qəfil özündən çıxıb. Putinin qışqıraraq baş nazirin müavinini danlaması kameralar tərəfindən qeydə alınıb.
Ukraynada bataqlıqda ilişib qalan və 3 ayda ikinci dəfə işğal komandirini dəyişən Vladimir Putin artıq qəzəbini gizlədə bilmir. Ukraynaya hücum əmrini verdikdən təxminən bir il sonra Rusiya lideri Putinin videokonfransdakı münasibəti gündəmə bomba kimi düşüb.
Vladimir Putin Rusiyanın rəsmi televiziya və agentliklərinin nümayiş etdirdiyi videokonfransda yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşüb. Rusiya lideri açıq şəkildə baş nazirin müavini Denis Manturovu danlayıb.
Görüş davam edərkən birdən Putin yeni mülki və hərbi təyyarələr üçün müqavilələrin tamamlanmamasından qəzəblənib. Denis Manturov araya girib etiraz edəndə o, baş nazirin müavininə qışqırıb.
Yeni il tətilində Türkiyəyə gəldiyi üçün Manturovu işini görməməkdə günahlandıran Putinin sözləri videokonfrans iştirakçılarının donmasına səbəb olub:
"Müqavilə yoxdur. Mənə nə deyəcəksən? Direktorlar dedilər, müqavilə bağlanmayıb. Niyə gülürsən"
Businessinsider telekörpüdə baş verənləri “Video zəng zamanı Putin baş nazirin müavinini hamının gözü qarşısında alçaldıb, işi ləng apardığı üçün ona hücum edib” başlığı ilə işıqlandırıb.
Denis Manturov Putinin sərt açıqlaması qarşısında heç nə deyə bilməyib, sadəcə qarşısındakı stola baxıb.
Amerikanın Associated Press (AP) xəbər agentliyi xatırladır ki, Denis Manturov ötən ilin iyunundan Rusiyanın müdafiə sənayesinə rəhbərlik edir.
24 fevral 2022-ci ildə Ukraynaya hücum edən Rusiya son 11 ayda minlərlə tank və zirehli texnikasını itirib. Ukraynalılar tərəfindən məhv edilən hava hücumundan müdafiə sistemləri və çoxsaylı reaktiv yaylım atəşi sistemlərinin sayı yüzlərlədir. Bundan əlavə, Rusiya ordusunun yüzlərlə döyüş təyyarəsi və helikopterinin vurulduğu məlumdur.
Oktyabrın əvvəlində Krım yarımadası ilə Rusiya materikini birləşdirən Kerç körpüsünün partladılmasından sonra Moskva Ukraynada taktikasını dəyişib. Ukraynanın kritik infrastruktur obyektlərini raketlərlə yağdıran Putin İrandan aldığı kamikadze dronlardan da istifadə edib.
İndiki mənzərədə Rusiya ordusunun silah və hərbi texnikaya əvvəlkindən daha çox ehtiyacı var. Ukrayna işğalına görə ağır sanksiyalara məruz qalan Rusiyanın silah-sursat verə bilməməsi vəziyyəti günü-gündən alt-üst edir.