Müharibədən sonra Qarabağda qalan erməni tör-töküntüləri hələ də hərbi-siyasi təxribatlarından əl çəkmir. Azərbaycan Qarabağda erməni özbaşınalığına son qoymaq üçün hansı qəti addımları atmalıdır?
Politoloq Mətin Məmmədli hafta.az-a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsi və müharibə ehtimalının artması post-sovet məkanında bütün separatçı qrupları, o cümlədən Qarabağdakı separatçı qondarma rejimi xeyli həvəsləndirib. O, bunun nəticəsi olaraq son zamanlar sərhəddə atəşkəs pozuntularının sayının artdığını, Azərbaycanın maşın karvanının rejimin təmsilçiləri tərəfindən qanunsuz olaraq saxlanıldığını önə çəkib. Buna baxmayaraq M.Məmmədli bunun real nəticəsinin olacağına inanmadığını deyib.
“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlərin xarakteri Qarabağdakı qondarma rejimin ölkəmizə qarşı hər hansı bir təhdid yaradan addımlar atmasına imkan vermir. Ancaq gələcəkdə post-sovet məkanında bizim zərərimizə müəyyən geosiyasi proseslər gedərsə və Rusya-Azərbaycan arasında münasibətlər pisləşərsə, bir ovuc erməninin ərazimizdə olması ölkəmiz üçün təhdidlər yarada bilər”.
Politoloq bildirib ki, buna baxmayaraq bu gün isə bizim Qarabağdakı erməni separatçılarına qarşı hər hansı hərbi əməliyyatlar keçirmək imkanımız yoxdur.
“Rusiya sülhməramlı qüvvələrinin oradakı mövcudluğu bizi bu imkandan məhrum edir. Sülhməramlıların olduğu yerlərdə antiterror əməliyyatları keçirmək mümkün deyil. Hazırki vəziyyətdə böyük hərbi əməliyyatlar aparmaq baxımından gözləməliyik”.
M.Məmmədli eyni zamanda bildirib ki, bu gün qondarma rejimin dağıdıcı faliyyətini görməzdən gəlmək olmaz. Onun fikrincə, bunun qarşısını almaq üçün siyasi diplomatik fəaliyyətinmizi artırmalıyıq.
“Biz Rusiya, Ermənistan və dünyanın qarşısında öz qəti mövqeyimizi bildirməliyik. Bütün vasitələrdən istifadə edərək qondarma rejimin fəaliyyətinin genişlənməsinin qarşısını almalı, ölkəmizə qarşı ərazi iddialarından çəkinmələrinə nail olmalıyıq”.
Politoloq Rəşad Bayramov hafta.az-a şərhində bildirib ki, Qarabağda erməni separatçıları tərəfindən atəşkəsin pozulması haqqında danışarkən ilk növbədə bir suala cavab vermək lazımdır: bu gün Qarabağda vəziyyətin gərginləşməsi və atəşkəsin pozulması kimə lazımdır.
R.Bayramov hesab edir ki, bu, 44 günlük müharibədə ordusu darmadağın olan, hərbi arsenalının böyük bir hissəsini itirən Ermənistana lazım deyil.
“Çünki atəşkəsin pozulması Azərbaycanın yenidən əks-hücuma keçərək separatçıların qalıqlarını da oradan təmizləməyə imkan verə bilər. Odur ki, Ermənistanın və ya hələ də ərazilərimizdə qalan separatçı rejimin özbaşına belə addım atması inandırıcı deyil. Burada birmənalı olaraq Rusiyanın barmağı var.
Rusiya özünün iradəsindən kənarda baş verəcək normallaşma prosesində maraqlı deyil. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması, münasibətlərin normallaşması Rusiyanın hər iki ölkəyə təsir imkanlarını minimuma endirir və nəticə etibarilə rus qoşunlarının bölgədən çıxarılması ilə nəticələnə bilər. İndi isə yəni, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı kimi digər qurumların vasitəçiliyi ilə danışıqlar aparması Rusiyanı qıcıqlandırır və Rusiya, başı Ukrayna və NATO ilə münasibətləri aydınlaşdırmağa qarışdığı bir vaxtda iki ölkə arasında aparılan danışıqlarda münasibətlərin normallaşmasından qorxur. Odur ki, bütün vasitələrlə bölgədə gərginliyin qalması üçün addımlar atır. Separatçı rejim hərbçilərinin atəşkəs rejimini pozması və ya Azərbaycanın maşın karvanlarının qarşısını kəsməsi də birbaşa Rusiyanın göstərişi ilə həyata keçirilir”.
R.Bayramov bütün bunların fonunda Azərbaycanın konkret addımlar atmasını zəruri saydı.
“Ən birinci addım tərəflərin üçtərəfli bəyanatla üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsinə nail olmaqdan ibarətdir. Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ermənistan və Rusiya isə öhdəliklərinin əksər hissəsini hələ də yerinə yetirməyiblər. Konkret desək bəyanatın 4-cü bəndi bütün erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması ilə bağlı öhdəliyi ehtiva edir və bu öhdəliyin yerinə yetirilməsinə Ermənistan qədər Rusiya da cavabdehdir. Odur ki, Rusiyaya həmin bəndin icrası ilə bağlı davamlı təzyiqlər olmalıdır.
İkincisi, Rusiyanın nəzərinə çatdırılmalıdır ki, bu gün Xankəndində və ətraf ərazilərdə məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlarıdır, çünki əks halda onların həmin ərazilərdə yerləşdirilməsi mümkün olmazdı və onlar bizim vətəndaşlarımızdırsa o zaman onlara Rus pasportlarının paylanması qanun pozuntusudur. Belə ki, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir və belə olan halda ərazilərimizdə Rusiya pasportları ilə gəzən şəxslər artıq Azərbaycan vətəndaşı hesab oluna bilməzlər və onların dərhal ərazilərimizi tərk etməsi lazımdır.
Üçüncüsü, isə atəşkəsi pozan tərəfə qarşı hərbi əməliyyatların keçirilməsidir. Başqa sözlə Azərbaycan Ermənistanı başa salmalıdır ki, kimin göstərişi əsasında olmasından asılı olmayaraq atəşkəsin pozulması və ümumiyyətlə təxribatların davam edilməsi halında Azərbaycan hərbi əməliyyatlar keçirməklə bağlı qərar verə bilər və bu zaman Rusiyanın dəstəyinə bel bağlamasınlar. Çünki Ukrayna ətrafında gərginlik fonunda Rusiya özü üçün yeni cəbhə açmaq riskinə getməz”.