“Dünya separatizmi tanımadığını deyir, amma özü müxtəlif ölkələrdə baş verən separatizm meyillərinə fərqli, maraqları prizmasından yanaşırlar. Belə olmasaydı, Azərbaycanda erməni separatizminin kökü çoxdan kəsilmişdi”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Razi Nurullayev beynəlxalq təşkilatların və aparıcı dövlətlərin Qarabağdakı qondarma “seçkilərə” reaksiyası və sivil dünyanın separatizmi tanımadığı halda real münasibəti ilə bağlı açıqlamasında bildirib.
Deputat beynəlxalq təşkilatların Azərbaycanda separatizmə yumşaq yanaşmasına diqqət çəkib. Qeyd edib ki, hələ Avropa Birliyi dövlətləri Şərq Tərəfdaşlığına daxil olan keçmiş sovet respublikaları ilə çərçivə müqaviləsini imzalamaq üçün təşəbbüs göstərəndə Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü həmin sənədə salmışdılar. Amma Azərbaycanı həmin sənədə salmamışdılar. Belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırdılar. Azərbaycan israr edirdi, amma bunu qeyd etmək istəmirdilər. Artıq 30 ildir ki, Azərbaycan erməni separatizmi, işğalı, dağıntıları ilə üzləşdiyi halda beynəlxalq qurumlar bu məsələyə ikili yanaşmaqda davam edib. Ona görə də dünyanın separatizmə fərqli yanaşdığını deməliyik”.
R.Nurullayev bildirib ki, bu gün dünya dövlətlərinin Azərbaycanln Qarabağ ərazisində keçirilən separat seçkilərə də ikili yanaşdı.
“Bəzi ölkələr sərt bəyanat versə də, digər böyük dövlətlər erməni cinayətlərinə qarşı yenə də ütülü reaksiya verir. Dünya anlamalıdır ki, bu cür addımları ilə separatizmə daha geniş yollar açırlar. Dünyada separatizmlə mübarizə aparmaq üçün Qarabağdakı separatçıların ləğvi, erməniəsilli vətəndaşların reinteqrasiyası vacibdir. Amma təəssüflər olsun ki, hələ də Azərbaycana münasibətdə haqq-ədalət pozulur və bu da dünya güclərini düşündürmür. Ədalətsizliyin tüğyan eləməsi dünya ölkələrinin mövcud münaqişələrə, separatizmə ikili yanaşmaları, öz maraları kontekstindən baxmasıdır”.