Bu gün düşməndən azad olunmuş ərazilərdə sürətli şəkildə yenidənqurma işləri aparılır. Eyni zamanda, işğalçı Ermənistan tərəfindən pozulmuş ekoloji tarazlıq bərpa edilir. Qeyd edək ki, 30 il ərzində Qarabağdakı nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb.
460 növdən çox ağac və kol növünün əksəriyyətini ermənilər məhv edib
Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə sıradan çıxıb. İşğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb. Hələ 1988-ci ildən dağıdılmağa başlanılan Topxana meşəsində bu illər ərzində minlərlə ağac kəsilib.
Azərbaycanın azad olunmuş ərazilərində ümumi sahələri 43 min hektar olan təbiət qoruqları və yasaqlıqları - Bəsitçay və Qaragöl qoruqları, Laçın, Qubadlı, Arazboyu və Daşaltı yasaqlıqları ermənilər tərəfindən məhv edilib. İşğal illərində düşmən ermənilər qəsdən, məqsədli şəkildə Qarabağın və Şərqi Zəngəzurun təbiətini yaralayıb, flora və faunaya qarşı terror törədiblər. İşğaldan əvvəl burada "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş çox sayda nadir bitki, quş, heyvan mühafizə olunurdu ki, onların da əksəriyyəti artıq məhv edilib. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13 min hektar qiymətli meşə sahəsi, qırmızı palıd, çinar ağacları misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol növünün əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması üçün ermənilər döyüşlər zamanı qadağan olunmuş fosfor bombalarından istifadə ediblər. Bu bombaların düşdüyü ərazilərdə hər şey məhv olub.
Otuzillik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiətinə düşmən münasibəti göstəriblər. Yeraltı və yerüstü sərvətləri, flora və faunanı, bol su ehtiyatlarını, tarixi mədəni-dini abidələri, nadir təbiət incilərini yer üzündən silməyə çalışıblar. Əfsuslar olsun ki, ermənilər həmin gözəl və bərəkətli meşələri, çayları, ormanları, təbii abidələri ekoloji terrora məruz qoyublar. Təəssüf ki, otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb.
Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edib, yarımfabrikat kimi xarici ölkələrə satıb. Bir fakta diqqət yetirmək lazımdır ki, işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalı 10 dəfə artıb. Aydındır ki, bu göstərici Azərbaycan meşələrinin qırılması hesabına reallaşıb. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub.
Ermənistanın ölkəmizə qarşı ekoloji terroru bununla bitməyib. Düşmən 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin sahələrə yaxın torpaqlarda yanğınlar törədib. Nəticədə geniş miqyasda həm torpaq qatı, həm də fauna və flora növləri məhv olub. Belə ki, 2006-cı ildə 63414 hektar, 2007-ci ildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi qəsbkar tərəfindən yandırılıb.
Gözoxşayan təbiəti, səfalı yerləri ilə seçilən Qarabağı yerlə-yeksan edən erməni vandalları 30 il ərzində orada bir dənə də olsun ağac əkməyiblər. Onlar illərlə bu faktları gizlətsələr də, Vətən müharibəsindəki şanlı zəfərdən sonra dünya bir daha erməni barbarlığına şahidlik etdi. Düzdür, dünyanın əksər dövlətləri bu vəhşiliyə hələ də sussa da, fakt faktlığında qalır.
Tarix yazan – Topxana
Bu gün isə qalib Azərbaycan Dövləti tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri ilə yanaşı, yaşıllıqlar da bərpa edilməyə başlayb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun sözlərinə görə, 1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin də artıq bərpasına start verilib: “Ötən ildən burada və digər ərazilərdə yeni ağacların əkilməsinə başlanıb, həmçinin ərazilərə ağac toxumları da səpilib. Bu işlər ardıcıllıqla davam etdiriləcək və Topxana meşəsi tam bərpa ediləcək. Həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkilib. Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib. Ümumilikdə, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 42 hektar sahədə 40 minə qədər ting əkilib. Cəbrayıl rayonu ərazisində Türkiyə ilə birgə tinglik sahəsinin salınması üzrə işlər aparılır. Regionda əkin məhsullarına olan tələbat həmin tinglik vasitəsilə ödəniləcək”.
Qeyd edək ki, Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Tarixi mənbələrdə Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan olması ilə bağlıdır. “Qarabağnamə”lərdə qeyd olunduğu kimi, Qacar Şuşa üzərinə ikinci yürüşündə topları həmin meşədə gizlədib şəhərin müdafiə barısını vururmuş. Topçular qalanın hündür barısını gündüz topla vurub dağıdır, qaladakılar isə gecə ilə həmin yeri yenidən hörüb bərpa edirmişlər. Bu barədə fransız J.Kevrin “Xacə şah” əsərində də məlumat verilir. Qacarın ordusunda Rusiya-Türkiyə müharibələrində iştirak etmiş Həmid adlı bir təcrübəli topçu var idi. Ağa Məhəmməd şah Həmidi çağırıb qalanın müdafiə barısını dağıtmaq üçün nə etmək lazım olduğunu soruşur. Həmid bildirir ki, biz gərək gecə dağıdılmış yerə atəş açaq ki, müdafiəçilər bərpa işləri görə bilməsinlər. Bu taktika öz bəhrəsini verir. Bunu görən İbrahimxəlil xan özü başda olmaqla bir dəstə süvari ilə qəflətən Topxanaya hücum edib, Qacarın toplarını məhv edir. Lakin Şuşa qalasının yolunu İran ordusu bağladığı üçün xan qalaya qayıda bilmir və Cara getməyə məcbur olur. Bu hadisədən sonra meşənin adı “Topxana” olaraq qalır.
Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Bu müddət ərzində meşə, demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib.
Ermənistan SSR-in Alminium zavodlarından birinin filialının Topxana meşəsində tikintisinə başlamaq məqsədi ilə Topxana meşəsini yandırmış, nadir ağaclar buldozerlərlə məhv edilmiş, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilmişdir.
Təsadüfi deyil ki, işğal zamanı bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talana məruz qalan məhz meşələrimiz olub. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq, yarımfabrikat şəklində xarici ölkələrə satıblar. Eyni zamanda, təbii qaz olmadığından işğalçılar meşələrdən geninə-boluna yanacaq kimi istifadə ediblər. Nəzərə alsaq ki, bu ərazilərimizdə Azərbaycanın meşə örtüyünün 25 faizi yerləşir, bu, faciənin təxmini miqyasını təsəvvür etmək elə də çətin deyil.
Amma işğaldan azad olunmuş ərazilərdə son 2 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir. Ermənilərin ekoloji sistemə vurduqları ziyanı aradan qaldırmaq uzun illər tələb etsə də, Topxana meşəsi ilə yanaşı, düşmənin talan etdiyi bütün meşələrə yenidən nəfəs gələcək.