On gündən artıqdır, paytaxt qış rejiminə keçsə də, elə ərazilər var, yaşayış binaları istilik sistemi ilə təchiz olunmayıb. Belə yerlərdən biri də Suraxanı rayon Qaraçuxur qəsəbəsi Zakir Şərifov küçəsi? 14b və Fətəliyev küçəsi, 17 saylı doqquzmərtəbəli onbloklu binalardır. Sakinlər “Həftə içi”nə müraciət edərək bildirdilər ki, yaşadıqları binaların istilik sistemi yoxdur. Bu haqda “Azəristilik” ASC-yə və Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dönə-dönə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
“Həftə içi”nin əməkdaşı olaraq sözügedən ünvana getdik. Binaların fasadları uçub-tökülür, arxa həyəti natəmizlik içindədir. Məişət tullantıları atılmadığından, ərazidə tökülüb-qalıb. Binanın arxa tərəfi zirzəmisinə doğru tikililər olub, bir neçə köçkün ailəsi həmin tikililərdə yaşayıb. Neçə ildir ki, həmin köçkünlər mənzillərlə təmin olunub. Sakinlər məişət tillantılarını həmin o sökülmüş tikililərin içinə atdıqlarından natəmizlik yaranıb.
Zahid İmanov adlı sakin şikayətləndi ki, 3 il əvvəl binaların həyətində istilikxananın tikilməsi üçün yer ayrılıb. “Azəristilik” ASC, hətta həmin ərazini hasara alııb: ”Düz 26 ildir ki, istilik sarıdan əziyyət çəkirik. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı dəfələrlə keçirdiyi səyyar görüşlərində biz sakinlərə vəd verib ki, binanızın istilik problemi tezliklə öz həllini tapacaq. İş isə hasil olmayıb. Bizə deyirlər ki, istilikxananın tikilməsi üçün vəsait yoxdur.
Nəzərə alsaq ki, həmin binalarda 80 faizdən çox aztəminatlı, maddi ehtiyacı olan məcburi köçkün və yerli əhali yaşayır, qocası, xəstəsi, körpəsi olan bu sakinlər elektik enerjisindən istifadə etmək məcburiyyətində qalıblar. Hər dəfə onlar maddi imkanları olmadığından, çıxılmaz durumda qalıblar”.
Valeh Məhərrəmov adlı sakin mənzilində istilik sistemi olmadığından, məcbur olub elektrik enerjisindən istifadə etdiyini deyir: ”Bu səbəbdən, işığa borc yarandığı üçün Suraxanl Rayon İşıq İdarəsinin işçiləri işığımızı kəsib, üstəlik, sayğacı da götürüb aparıblar. Deyirlər ki, işığa olan borcunuzu ödəyin, yoxsa sizə işıq verilməyəcək. Mənim də imkanım yoxdur. Körpə uşaqlarım qaranlıqda qalıb, dərs oxuya bilmir, beton divarlar arasında soyuqdan donuruq. Tez-tez xəstəliyə tutuluruq”.
Nazir adlı sakin təkcə istilik problemi yaşamadığını dedi: ”Binanın zirzəmisinə çirkab sular axdığından göl yaranıb. Bu, bir yandan üfunət, antisanitariya yaradırsa, digər tərəfdən, çirkab su binanın özülünün aşılanmasına səbəb olur. Qışın günündə üfunətdən, ağcaqanadların, siçan və siçovulların əlindən tərpənmək olmur. Birinci və ikinci mərtəbələrdə mənzillərin döşəmələri nəmişlikdən çürüyüb”.
Sakinlər binaların dam örtüyünün təmir edilmədiyin vurğuladılar: ”14 b saylı binanın su axarları sıradan çıxdığından yağış və qar suları girişlərin içinə axır. Eləcə də yağış suları 9 mərtəbədə mənzillərə axır”.
Sakinlərin şikayəti ilə bağlı Bakı Şəhər 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinə getdik. MKİS-nin sədri Mehman müəllim “Həftə içi”nə bildirdi ki, sözügedən binaların dam örtüyünün təmirinə başlamışıq, artıq tol almışıq. Binanın arxa həyətində kafelərin ərazilərinin süpürülüb-təmizlənməsi, zibillərin atılması və təmizlik işləri ilə onlar məşğul olmur. Rəisin sözlərinə görə, binaların istilki sistemi ilə “Azəristilik” ASC nəşğul olur.