Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib.
Hafta.az-ın yazdığına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şöbə müdirləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Ümummilli liderin Qaradağ rayonuna səfərləri ilə əlaqədar “Heydər Əliyev və Qaradağ” adlı videoçarxın nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 30 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaradıb. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.

Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov Yeni Azərbaycan Partiyasının yaranmasından, Ulu öndərin respublikanın çətin vəziyyətdən çıxması yolunda verdiyi məsləhətlərindən, hakimiyyətə gəlməsindən geniş danışıb. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas edib. Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Çıxışında qeyd etdi ki, fəxr edirəm ki, 91-lərin biri kimi mənim də müəyyən xidmətlərim olub.
Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə, həmin illərdə sahə müvəkkili işlədiyindən, keçmiş xatirələrindən söz açaraq bayram münasibətilə iştirakçıları təbrik edib.
288 nömrəli tam orta məktəbin tarix müəllimi Sultan Bayramova çıxış edərək bildirib ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
233 nömrəli tam orta məktəbin tarix müəllimi Azər Allahverdiyev çıxış edərək bildirib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi prezident İlham Əliyevin əlindədir.
Tədbiri İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yekun çıxışı ilə tamamlayıb.