Qazax xalqı Abay Kunanbayevin 178-ci doğum gününü qeyd edir

11:50 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün böyük qazax şairi Abay Kunanbayevin 178-ci doğum günü qeyd olunur. 10 avqust 1845-ci ildə Semey vilayətinin Ağasoltan kəndində doğulan Abay Kunanbayev öz qısa, amma şərəfli və dəyərli ömrü çərçivəsində qazax xalqının mədəni-ədəbi tarixində böyük iz qoyub. Görkəmli şair, yazıçı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşmasının tərəfdarı kimi yaddaşlarda qalan bu dahi şəxsiyyətin yaradıcılığı əsasən qazax milli folkloru və poeziyası ilə sıx bağlıdır.

Hafta.az-ın yazdığına görə, Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirib, ona yeni ictimai məzmun gətirib. Təmiz, saf məhəbbəti tərənnüm edən bu əvəzsiz şəxsiyyət, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaradıb.

Abayın əsl adının İbrahim olduğu bəllidir. Amma anası onu diqqətli, ehtiyyatlı mənası verən Abay adı ilə çağırır və beləliklə hamı onu Abay olaraq tanıyır.

Dövrün bütün uşaqları kimi, Abay ilk təhsilini mollaxanada alıb, sonra rus məktəbində davam etdirib. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəsə də, Abay razılaşmır. O, bütün qısa ömrünü milli ədəbiyyatın çiçəklənməsinə həsr edir, eləcə də rus və qazax dillərinə tərcümələri ilə məşhurlaşır.

Ədəbi tədqiqatçılar Abay Kunanbayevin yaradıcılığının üç əsas amilin təsiri altında formalaşdığını bildirirlər. Bu amillər Şərq ədəbiyyatı, o cümlədən Nizami Gəncəvi yaradıcılığının timsalında Azərbaycan ədəbiyyatı, rus və Avropa ədəbiyyatı və qazax şifahi xalq ədəbiyyatıdır.

Abay Kunanbayev 12 yaşından başlayaraq şeir yazıb, lakin nədənsə 40 yaşına qədər müəllifliyini gizlədib. Sağlığında şeirləri şifahi və əlyazma şəklində yayılıb. İlk kitabı 1909-cu ildə Sankt-Peterburqda qazax dilində çap olunub. Ədəbi irsi satirik, lirik şeir və poemalardan ("Masqud", "Əzim haqqında nağıl", "İsgəndər"), bədii-fəlsəfi nəsr əsərlərindən ("Əqliyyə") ibarətdir. Abay Kunanbayev qazax ədəbiyyatına sosial ədalətsizliklərin tənqidi, antiklerikal motivlər, sənətkarın qayəsi haqqında fikirlər və sair kimi yeni mövzular, müsəddəs, məsnəvi kimi yeni şeir formaları gətirib. Abay Kunanbayev həm də istedadlı bəstəkar olaraq öz şeirlərinə musiqilər bəstələyib.

Müasirləri Abayın cavanlara ünvanladığı "Əqliyyə" əsərini yaradıcılığının zirvəsi hesab edirlər. O, burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışıb. Abay bu əsərində xalqa xitabən deyir: "Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edirlər, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı".

"Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır. Baxmayaraq ki, XIX əsrdə Rusiya Qazaxıstanı işğal etmişdi, onun Rusiyaya qeyri-adi rəğbəti də duyulur. O düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün son illərində o, Rusiyanın işğalçı siyasətini başa düşür. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir.

Abay Kunanbayevin yaradıcılığı XX əsrdə xüsusilə tədqiq edilmiş, müxtəlif sənədlərə əsasən onun şəxsiyyəti araşdırılıb.

Azərbaycan xalqı da Abay Kunanbayev yaradıcılığını yüksək qiymətləndirir. 2011-ci ildə Bakıda Abay Kunanbayevin şərəfinə xatirə lövhəsinin açılışı olub. Bakının Binəqədi rayonunda Abay Kunanbayevin adı mərkəzi küçələrdən birinə verilib, 2011-ci ilin may ayından etibarən onun adına BDU-da Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.