Qazaxıstan əhalisinin 77,1 faizi prezidentə etimad göstərir

10:48 02.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu mayın 11-dən iyunun 22-dək olan müddətdə 17 rayon və respublika əhəmiyyətli şəhərlərdən Astana, Almatı və Çimkənddə 18 yaşdan yuxarı 8 min respondent arasında sosioloji sorğu keçirib.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə prezidentinə respondentlərin 77,1 faizi etimad göstərdiyini bildirib.

“Eyni zamanda, bir sıra məsələləri qeyd etməklə, dövlət başçısına güvənən vətəndaşların orta hesabla portretini qurmaq olar. Birincisi, gənc nəsil prezidentə daha çox güvənir (81,9 faiz). İkincisi, respondentlərin təhsil səviyyəsi nə qədər yüksəkdirsə, onların dövlət başçısına inamı da bir o qədər çox olur. Üçüncüsü, diqqətəlayiq haldır ki, həm kənd (79,6 faiz), həm də şəhər sakinləri (75,4 faiz), istər qadınlar (79 faiz), istərsə də kişilər (74,9 faiz) arasında dövlət başçısına etimad səviyyəsi demək olar ki, eynidir. Dördüncüsü, dövlət başçısına ölkədə təhsil, sənaye, xidmət, nəqliyyat və kənd təsərrüfatı sahələrində çalışanlar daha çox etimad göstərirlər” deyə bildirən KazISS qeyd edib ki, dünyada siyasi institutlara ictimai inamın azalması ilə bağlı ümumi tendensiya müşahidə olunur.

Yaxın Şərqdə və Şərqi Avropada baş verən geosiyasi dəyişikliklər, pandemiya, inflyasiya və bir çox ölkələri bürümüş iqtisadi böhran səbəbindən yaşayış dəyərinin artması, bütün bunlar siyasi institutlara inamın azalmasının səbəblərini izah edir. Bu baxımdan Qazaxıstan əksər ölkələrlə müsbət müqayisə edilir. Dövlətin mərhələli siyasi modernləşməsi, çoxpartiyalı sistemin inkişafına yönəlmiş qanunlar, yerli və rayon icra hakimiyyətlərinin seçilməsi, “Eşidən dövlət” düsturunun həyata keçirilməsi – bütün bunlar Qazaxıstanda prezidentin Ədalətlilik konsepsiyasının praktikada həyata keçirilməsidir.

Beləliklə, sosioloji tədqiqatların nəticələri göstərir ki, Qasım-Jomart Tokayevin açıq və ədalətli cəmiyyətin qurulmasına yönəlmiş, həmvətənlərin rifahının yüksəldilməsi məqsədilə apardığı islahatlar xalqın ürəyincədir.