Qazaxıstanın 20,3 milyondan çox əhalisi var. Bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.
Hafta.az-ın yazdığına görə, ay ərzində əhalinin artım sürəti 0,34 faiz təşkil edib. Yanvarın 1-dən əhalinin sayı 69 min nəfərdən çox artıb. Ölkə əhalisi əsasən şəhərlərdə yaşamağa üstünlük verir. Şəhərlərdə 12,8 milyon, kənd yerlərində isə 7,9 milyondan çox insan yaşayır.
Qazaxıstanın ən çox məskunlaşdığı bölgələr bunlardır: Almatı şəhəri 2,3 milyon nəfər, Türküstan 2,1 milyon nəfər, Astana 1,5 milyon nəfər, Almatı vilayəti 1,5 milyon nəfər, Çimkənt 1,2 milyon nəfər.
Ən çox məskunlaşan rayonlar sırasına Cambul (1,2 milyon) və Qaraqanda (1,1 milyon) vilayətləri də seçilir.
Martda ilk dəfə Qazaxıstan əhalisinin 20,3 milyon nəfərə çatdığı barədə məlumat yayılmışdı. 2025-ci il yanvarın 1-nə ölkənin əhalisi 20 milyon 286 min 84 nəfər olub. 2024-cü il dekabrın 1-də bu rəqəm 20,2 milyonu ötüb.
Məlumat üçün bildirək ki, Qazaxıstan əhalisi ilk dəfə 2023-cü ilin noyabrında 20 milyonluq həddini keçib. 2024-cü ilin oktyabrında ölkədə qadınların sayının kişilərdən xeyli çox olduğu məlum olub.
Bu arada, qonşu Özbəkistanda da daimi yaşayan əhalinin sayı aprelin 1-nə 37,7 milyon nəfərə yüksəlib. Daimi əhalinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb. Daimi sakinlərin sayı 2025-ci ildə hər gün orta hesabla 1,7 min nəfər artır.