“Qazaxıstan Prezidentinin Azərbaycana gəlişi təsadüfi deyildi. Onun Bakıya səfəri Azərbaycandan, ümumiyyətlə, Cənubi Qafqazdan keçən enerji, kommunikasiya, yük və s. tranzitlərinin işləməsinə təkandır”.
Bu fikri hafta.az-a açıqlamasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən həftə Azərbaycana dövlət səfərinin əhəmiyyətindən danışarkən siyasi analitik Tahir Cəfərli ifadə edib.
“Yaxşı bilirsiniz ki, Qazaxıstan Çinin tranzit yüklərini Avropaya çatdıran əsas ölkələrdən biridir və indi bu yüklərin Azərbaycandan keçib-getdiyi halda heç bir region ölkəsi buna mane ola bilməyəcək. İran ərazisindən keçəcək tranzit yolları da işləyəcək. Nəzərə alsaq ki, İranın Çinlə çox ciddi iqtisadi və siyasi əlaqələri var, İran tərəfi buna heç cür mane olmayacaq. Belə olduğu halda artıq Zəngəzur dəhlizi öz iqtisadi əhəmiyyətini itirəcək.
Qazaxıstan tranzitinin Azərbaycandan İrana və oradan Türkiyəyə keçməsi bu logistikaya qoşulan ölkələrin iqtisadiyyatına gətirəcəyi gəlirlərdən xəbər verir. Rusiyanın da öz tranzit yüklərinin bu logistikaya qoşacağı şübhəsizdir. Odur ki, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda sülh olmalıdır”, - deyə davamında analitik qeyd edib.
“Azərbaycan tranzitlərinin işləməsi ölkəmizə nə verəcək?” sualını isə T.Cəfərli belə cavablandırıb:
“Təbii ki, bu ölkəmizə ciddi iqtisadi yüksəliş gətirəcək. Tranzitin gətirəcəyi gəlir, neft-qazdan
qat-qat üstün olacaq. Azərbaycan Prezidentinin Qarabağda tikdirdiyi hava limanları məhz tranzit yüklərinin Azərbaycana, oradan isə başqa ölkələrə daşınması ilə bağlıdır
Azərbaycan prezidentin apardığı xarici siyasət nəticəsində ölkəmizdə əmin-amanlıq yaranır. Qazaxıstan prezidentinin Azərbaycana gəlişi də bu siyasətin aktuallığını artırır. Artıq güclü Qazaxıstan-Azərbaycan iqtisadi birliyi yaranmaqdadır. Bu da Azərbaycan üçün böyük qələbədir. Odur ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri geo-siyasi baxımdan böyük hadisə oldu”.