Demoqrafik məlumatlara görə, Qazaxıstan doğum səviyyəsi hələ də yüksək olan ölkələr arasında yerini qoruyur. Burada hər qadına təxminən 2,5 uşaq düşür.
Hafta.az-ın yazdığına görə, bu yaxınlarda Qazaxıstanın 20 milyonuncu vətəndaşı dünyaya gəlib. Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov “Qazaxıstan-2023: bu günün tendensiyaları və gələcəyin konturları” monoqrafiyasının təqdimatında gələcəyə dair proqnozlarını bölüşüb”.
Ekspertin sözlərinə görə, Qazaxıstan vətəndaşının orta yaşı 32 olmaqla kifayət qədər gəncdir, urbanizasiya səviyyəsi isə 61,5 faiz təşkil edir.
“Bizim yaxşı demoqrafik perspektivlərimiz var, 2050-ci ilə qədər Qazaxıstanın əhalisi 26 milyon nəfər olacaq. Monoqrafiya qazaxıstanlıların dəyər şüurunun dinamikasını təhlil edir və cəmiyyətdə üstünlük təşkil edən dəyər oriyentasiyalarının tərifini verir. Müasir qazaxıstanlıların əsas dəyərləri “yaşamaq/özünü ifadə etmə dəyərləri” miqyasında müəyyən edilib, burada biz qazax cəmiyyətində üç dəyər tipini müəyyənləşdiririk”, - deyə Erkin Tukumov izah edib.
Təqdimat zamanı məlum oldu ki, birinci növ maddi dəyərlərə sadiq olanlardır, onlar əhalinin üçdə birini təşkil edir. İkinci növ qarışıq dəyərləri (50-60 faiz), üçüncü növ isə müasir post-materialist dəyərləri (3-5 faiz) qəbul edən əhalidir.
O, həmçinin qeyd edib ki, Qazaxıstan İnsan İnkişafı İndeksi üzrə yaxşı göstəricilərə malikdir və 0,8 indeks dəyəri ilə çox yüksək səviyyəyə malik ölkə kimi təsnif edilir.
“İnsan İnkişafı İndeksinin son reytinqinə əsasən, ölkəmiz 191 ölkə arasında 56-cı yerdədir (2000-ci illərlə müqayisədə, Qazaxıstan 79-cu yerdə idi). Bu, vətəndaşlarımızın rifahının təmin edilməsində mühüm uğurlardan xəbər verir. Bununla belə, insan inkişafı sahəsində mövcud nailiyyətlərə baxmayaraq, Qazaxıstanda insan kapitalına investisiyalar əhəmiyyətli dərəcədə artırılmalıdır”, - Strateji Araşdırmalar İnstitutunun direktoru deyib.