Bu gün ölkəmizdə qanunla təsbit olunan sosial təminat məsələlərinin bəzən düzgün həllini tapmadığı müşahidə olunur. Buraya aztəminatlı ailələrin, Qarabağ müharibəsində iştirak edən qazilərin, şəhid ailələrinin sosial-məişət, tibbi problemləri, əlilliyin təyinatı və s. məsələləri aid edə bilərik. Bu günlərdə Milli Məclis gələn ilin büdcə layihəsini müzakirə etdi. Orada da bu kimi problemlər xüsusilə qabardıldı, təkliflər irəli sürüldü.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyevlə hafta.az olaraq bu məsələlər ətrafında söhbətləşdik:
- Musa müəllim, "Ev işlərinə görə kişilər qadınlara əməkhaqqı verməlidir" – sosial şəbəkələrdə mübahisələrə səbəbə oldu və aparılan ictimai müzakirələrdə insanların sosial problemlərlə bağlı istəkləri bir daha qabardıldı...
- "Ev işlərinə görə kişilər qadınlara əməkhaqqı verməlidi", - deməkdə məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiymət qadına daha çox hörmət bəsləmək, onun qədr-qiymətini bilməkdən ibarət ola bilər.
Həmin çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı. Təklif etmişdim ki, şəhid anası ordeni təsis edilsin. Pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə dövlətin müxtəlif mükafatları verilsin. Televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou- biznes nümayəndələri deyil, alim, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.
Həmin fikirdə məişət zorakılığının iqtisadi zorakılıq növünə məruz qalan qadın problemlərindən danışdıq. Bu həm BMT-nin konvensiyasında, həm də bizim 2013-cü ilin məişət zorakılığına qarşı mübarizə aktında öz əksini tapıb. Zorakılıqdan biri də qadını bilərəkdən özündən iqtisadi asılı vəziyyətə gətirməkdir. Qadını təhsil almağa, işləməyə qoymurlar. Qadın iqtisadi cəhətdən asılı vəziyyətdə qalır. Kim ailələrdə öz büdcəsini necə qurursa, bu onun özünə aiddir. Əslində, çox vaxt ailə büdcəsi qadınlarda olur.
Həmin tezizi burada bir daha qeyd etməklə qadın əməyinə daha yüksək qiymət verməyin cəmiyyətin inkişaf və mədəniyyət göstəricisi olduğunu bir daha vurğulamaq istəyirəm:
Əməkhaqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.
Azərbaycanda qadınların orta əməkhaqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8%, səhiyyə və sosial xidmətlər sahəsində 63,9%, təhsil sahəsində isə 79% təşkil edir.
Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq, hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, qadınların sayı 225 858 nəfər təşkil edir".
Sosial şəbəkələrdə yazırlar ki, Musa Quliyev təklif verib. Əslində bu, təklif deyil. Məişət zorakılığı haqqında qanunda bunun aradan qaldırılma yolları da var. Kim şikayət edirsə, müvafiq hakimiyyət orqanları məsələni həll etməlidir.
- Milli Məclisin büdcəsi ilə bağlı müzakirələr getdiyi bir zamanda deputat Tahir Kərimli parlament əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırmaqla ictimai qınağa səbəb oldu və sonra üzr istədi. Bir başqası deputatlara kirayə pulunun verilməsi məsələsi ilə bağlı fikirləri ilə diqqət çəkdi. Necə hesab edirsiniz, doğrudanmı mövcud şəraitdə deputatların büdcədən dəstək almasına xüsusi ehtiyac var? Deputatın maaşı, yaxud həyat şəraiti öz seçicisinin sosial rifahına nə dərəcədə adekvatdır?
- Bu məsələ ilə bağlı mənim heç bir yanaşmam yoxdur. Tahir Kərimlinin, yaxud başqa bir deputatın da çıxışını şərh etməyi doğru saymıram. Hər bir deputat öz fikrində haqlı da ola bilər, nahaq da. Cəmiyyətin deputata, Milli Məclisə olan marağını və tələbini da normal hesab edirəm. Seçdiyi insanlardan hesabat tələb etmək onun haqqıdır, hüququdur.
- Xəbər verildiyi kimi, 2022-ci il dövlət büdcəsindən ayrılan hər 100 manatın 46 manatdan çoxu məhz sosial sahəyə xərclənəcək. Konkret I-II qrup əlillərin pensiyaları nə qədər qalxa bilər və bu sırada iş qabiliyyətini itirən qazilərin həyat fəaliyyəti ilə bağlı vəziyyət hansı yöndə dəyişəcək?
- Pensiyalarda xeyli artım olacaq. Ümumiyyətlə, yaşa görə pensiyalarda 41 manat artım olacaq. Əlilliyə görə pensiyada 30-38 manat, ailə başçısını itirməyə görə pensiyada 35 manata qədər artım olacaqdır. Bu son hədd deyil. Ehtiyac olarsa gələn ilin ortasında yenə də əlavə artımlar ola bilər.
İşləməyən qazilərin həyat təminatı ilə bağlı narahatlığa gəlincə, qeyd etməliyəm ki, qazilərimizin pensiyaları kifayət qədər yüksəkdir. Bununla yanaşı onlar Prezident Təqaüdü də alırlar. Eyni zamanda onların özləri, yaxud ailə üzvləri məşğulluq proqramına cəlb olunub və bu çərçivədə kiçik biznes işləri ilə məşğul ola bilərlər.
Bu il sığorta fondunun büdcəsi müzakirə olunur və o büdcədə də xeyli vəsait nəzərdə tutulub. Məhz sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın məşğulluğunun təmin olunması üçün bu proqrama cəlb oluna bilərlər. Digər tərəfdən, əmək qabiliyyəti yoxdursa, təbii ki, onlar yalnız pensiya və müavinət ala biləcək və yaşayış minimumundan az qazancı varsa, sosial yardım ala bilər. İnanmıram ki, Qarabağ qazilərinin, yaxud şəhid ailələrinin bu yaşayış minimumundan aşağı qazancları olsun. Onların pensiya və təqaüdləri o biri pensiyalardan kifayət qədər yüksəkdir.
- Əlillərlə bağlı yeni qaydalar qüvvəyə mindikdən sonra onların sosial ödənişlərində dəyişikliklər nəzərdə tutulurmu?
- Bəli, gələn il iyulun 1-dən yeni ekspertiza meyarları müəyyən olunub və artıq qüvvəyə minəcəkdir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının, o cümlədən Birləşmiş Milətlər Təşkilatının tələbidir.
Bilirsiniz ki, Azərbaycan 2008-ci ildə BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanı ratifikasiya edib və ondan sonra öz qanunlarımızda uyğunlaşdırmışıq. Bu həm də ordan gələn tələbdir. Əlillik müəyyən olunarkən, əlillik qruplar və yaxud dərəcələrlə deyil, faizlərlə müəyyən olunacaq. Sağlamlıq imkanı 30 faizə qədər itirilərkən əlillik müəyyən olunmur. Yalnız istehsalat xəsarəti və peşə xəstəliyi zamanı olan əlillik 30 faizdən aşağıda müəyyən olunur. 30 fazidən 100 faiz arasında orqanizmin funksiyasının pozulmasından asılı olaraq müxtəlif əlillik faizləri veriləcək. Həmin faizlərə də uyğun vətəndaşlarımız sosial sığorta ödəyiblərsə, onların müəyyən pensiya kapitalı varsa, bunlar da onun üstünə gəlməklə pensiya kapitalı rüsumunda müavinət alacaqlar.
- Qarabağ müharibəsinən sonra bizə müraciət edən elə qazilər var ki, aldıqları zədələrə görə ayağa qalxa bilmirlər, amma onlara iş qabiliyyəti olan şəxslər kimi rəyi verilib. Belə neqativlərin aradan qaldırılması, həqiqi əlilliyin müəyyən olunması üçün hansı yeni yanaşma olmalıdır?
- Belə neqativ faktlarla bağlı hər bir qazi ya bizə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər. Media qurumlarına belə məlumatlar daxil olduqca faktlar bizə göndərilməklə araşdıra bilərik. Qarabağ müharibəsində, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyündə sağlamlığını itirmiş şəxslərin ekspertizası əyani olaraq, videogörüntülər çəkilməklə tam ədalətli şəkildə aparılır. Siz dediyiniz kimi, əgər şəxsin hərəkət qabiliyyəti tam pozulubsa, buna iş qabiliyyətinin olması ilə bağlı rəy veriblərsə, mən bunu təsəvvür edə bimirəm. Bu nəinki qanun pozuntusu, ən ağır cinayətdir. Belə bir fakt sizdə varsa, ad, soyad, telefon verin, özümüz onun əlillik təyinatını araşdıraq.
- Qiymət artımı cəmiyyətdə narazılıq doğurub. Sizcə, sosial müavinətlər və maaşlar qiymət artımına nə dərəcədə adekvatdır?
- Cənab Prezidentin bu ilin oktyabrın 16-da əhalinin sosial rifahının qorunması ilə bağlı sərəncamı oldu. Büdcədə həmin sərəncama uyğun olaraq vəsaitlər nəzərdə tutulub. Gələn il üçün minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu o deməkdir ki, vahid tarif cədvəli üzrə muzdlu əməklə məşğul olan hər bir Azərbaycan vətəndaşı haqqında bu artımlar olacaq. Bu artımların faizi 20-40 faiz arasında dəyişəcək. İnfilyasiya isə bu il və gələn il üçün üst-üstə 10 faizdən yuxarı olmayacaq. Belə götürəndə əməkhaqqı artımı, pensiya artımı da infilyasiyanı üstələyir. Burada ciddi bir məsələ var ki, biz bunu söyləmişik. Subyektiv amillərin qarşısı alınmalıdır ki, möhtəkirlik və monapoliyanın təsirləri bazarda süni şəkildə qiymət artımına gətirib çıxarmasın. Əgər İqtisadiyyat Nazirliyinin müvafiq qurumları bu işlə ciddi məşğul olsalar, gələn ilin ikinci yarsında həm qiymət artımının qarşısını almış olacağıq, həm də maaş və pensiyaların üstələdiyini görəcəyik.
Digər tərəfdən, bahalaşma, qiymət artımı tək Azərbaycan üçün xarakterik deyil. Pandemiya başlayandan sonra dünyada bir çox iqtisadi proseslər zəiflədi və dünyanın hərbi ölkəsində bahalaşma baş verdi. Məmurların öz işinə necə yanaşmasına gəlincə, arzu edərdik ki, hər kəs öz işini vicdanla və qanunla həyata keçirsin.
Tahirə Qafarlı