Qəbul imtahanı həyəcanı

13:24 01.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkəmizdə 80 mindən çox abituriyent və onların valideynləri qəbul imtahanı həyəcanı yaşayır. Dövlət İmtahan Mərkəzinin bu yaxınlarda I cəhd üzrə imtahan nəticələrini açıqladıqdan sonra bu həyəcan daha da artıb. Hər il olduğu kimi, bu il də ali məktəbə qəbul olmaq istəyən abituriyentlərin sayı kifayət qədərdir. Bu il dövlət tərəfindən qəbul yerlərinin sayında artım müşahidə edilməsinə baxmayaraq, ilkin nəticələrin analizi göstərir ki, bütün ixtisas qruplarında yüksək rəqabət olacaq.

DİM sədri Məleykə Abbaszadə də ötən illərlə müqayisədə builki qəbul imtahanlarının ilkin nəticələrindən razı qaldığını bildirib. O, mətbuata açıqlamasında deyb ki, bu ilki buraxılış imtahanlarının nəticələri daha yaxşıdır: “Hələ istədiyimiz səviyyədə deyil".

O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu il birinci cəhddən sonra 947 nəfərdir. 500 baldan yuxarı nəticə göstərən 2116 nəfər idisə, bu il 3300 nəfərdir: “Bu o deməkdir ki, yüksək keçid balı olan prestijli ixtisaslarda keçid balı artacaq. Keçən il keçid balı 500 olan ixtisas bu il, ola bilsin, 550-yə gəlib çatsın”.

Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində 60 minə yaxın tələbə qəbulu gözlənilir: “Cari ilin qəbul planı keçən illə müqayisədə təxminən 5 faiz artıb. Eyni zamanda dövlət sifarişli yerlərin də sayı artıb. Keçən illə müqayisədə təxminən 1300 yer dövlət sifarişli təhsil üçün artırılıb. Ümumi dövlət sifarişli yerlərin sayı təxminən 28 mindir”, – sədr əlavə edib.

M.Abbaszadə qeyd edib ki, dövlət hesabına təhsil alan sosial həssas şəxslərin əhatə dairəsi genişlənib: “Bu da o deməkdir ki, təkcə 28 min deyil, daha çox insan dövlət hesabına təhsil alacaq. Əvvəllər valideynlərini itirmiş şəxslərin ödənişsiz təhsil alması üçün olan yaş həddi götürülüb. Əvvəllər bu, dövlət və bələdiyyə məktəblərinə aid idisə, artıq özəl məktəblərə də aid edilir. İndiyədək hansısa özəl məktəblər qeyd olunan kateqoriyadakı uşaqları ödənişdən azad edirdi, hansısa etmirdi. Onların təhsil haqqını dövlət öz üzərinə götürür".

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi vurğulayır ki, bu il, təqribən, 20-22 min nəfər müsabiqədən kənarda qalacaq: “İmtahanların birinci mərhələsi başa çatıb. Ümumi mənzərə artıq bəllidir. İlkin mərhələdə ümumi müsabiqədə iştirak edən 85 minə yaxın abituriyentdən I ixtisas qrupu üzrə sənədlərini təsdiq edənlərin sayı 30 150 nəfər olub. II ixtisas qrupu üzrə 23 957 nəfər, III ixtisas qrupu üzrə 25 146 nəfər, IV ixtisas qrupu üzrə isə 5929 nəfər birinci cəhddə imtahan verib. Bunların içərisində V ixtisas qrupu üzrə namizədlər də var. Ümumilikdə, ali təhsil müəssisələri istiqamətində 100 mindən çox müraciət qeydə alınıb. Konkret I, II, III, IV ixtisas qruplarına gəldikdə isə bu ixtisas qruplarında müsabiqədə iştirak edənlərin sayı 85 min civarındadır. Birinci cəhd imtahanların nəticələrindən sonra, 2019-cu ildən kurrikulum əsasında keçirilən imtahanlardan bu günə qədər buraxılış imtahanlarında ən yüksək göstəricilər qeydə alındı. 200 bal nəticə göstərən abituriyentlərin sayı kifayət qədər çox idi. Blok imtahan nəticələrində də xüsusi olaraq I, III, IV ixtisas qrupu 500-600-dən yüksək bal toplayanların çoxluğu ötən illərlə müqayisədə kifayət qədər çoxdur. İkinci ixtisas qrupu bu qruplardan bir qədər geri qalır. Orada da ötən illə müqayisədə ən yüksək bal toplayan abituriyentlərin say çoxluğu var. Qaldı ki, 85 min abituriyentin müraciəti əsasında ayrılan plan yerinə, qeyd etmək lazımdır ki, bu il 60 minə yaxın plan yeri nəzərdə tutulub. Üç yeni universitet fəaliyyətə başlayır. Biri Qarabağ Universitetidir; buraya, təxminən, 1120-ə yaxın tələbə qəbulu nəzərdə tutulur, digəri Türkiyə–Azərbaycan Universitetidir – burada da 3 ixtisas üzrə cəmi 90 tələbənin qəbulu planlaşdırılır. Üçüncü isə ADA Universitetinin tabeliyində olan İtaliya Universitetidir. Orada da bir neçə ixtisas üzrə qəbul aparılacaq. Bir özəl universitet də bağlandı. Yəni oradakı plan yerləri sıradan çıxır. İlkin proqnoz kimi düşünmək olar ki, əgər 85 min nəfər müraciət edibsə və bu qruplar üzrə cəmi 60 min yer ayrılıbsa, bu il təqribən 20-22 min nəfər müsabiqədən kənarda qalacaq. Bunlar da ümumi müsabiqə şərtini ödəməyənlərdir. Hər bir ixtisas qrupunda ümumi müsabiqə şərti belədir ki, 150 bal həddini keçməlidirlər. İkinci cəhd imtahan iyulun 7-14-də keçiriləcək. Ötən illə müqayisədə ikinci cəhd imtahan verən abituriyentlərin sayı bu il çoxdur. Ötən ildən bəri I ixtisas qrupunda 1000 nəfər artıq abituriyent imtahan verəcək. II ixtisas qrupunda say azlığı var. III ixtisas qrupunda 500-ə yaxın artım var. IV ixtisas qrupunda isə 70 nəfər artıq iştirak edən var. Bu amil ixtisaslar üzrə formalaşacaq keçid ballarına təsir edəcək. Birinci cəhddən sonra nəticələr yüksəkdir, ikinci cəhdə də artacaqsa, bu, keçid balına təsir edəcək”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib ki, ilkin nəticələr bu il ali təhsil müəssisələrinə imtahanlarda ciddi rəqabət olduğunu göstərir: “Bakalavr pilləsinə qəbul imtahanlarının nəticələri dəqiq bəlli olmasa da, ilkin nəticələr göstərir ki, bu il ali təhsil müəssisələrinə imtahanlarda ciddi rəqabət olub. Bəzi qruplar üzrə ümumilikdə imtahan nəticələri göstərir ki, ballarda artım var. Bu daha çox özünü I və III qruplar üzrə göstərir. Buna görə də ekspertlər qeyd edirlər ki, bu il ali təhsil müəssisələrinə qəbul balları yüksək olacaq. Təbii ki, bunlar yalnız proqnozdur. Yekun nəticə isə imtahan prosesi tamamilə yekunlaşdıqdan sonra demək mümkün olacaq. Nəzərə almalıyıq ki, bu il ali təhsil müəssisələrinə qəbul planı sayında artım var, həmçinin bir neçə yeni universitet də fəaliyyətə başlayır. Bu da qəbul planında əlavə yerlərin açılması deməkdir”.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə ballarda artım müşahidə olunsa da, ümumilikdə ciddi bir fərq olacağını düşünmürəm: “Plan yerlərinin artması, yeni universitetlərin açılması imtahanlarda nəticələri normal olan abitruyentlər üçün sıxıntı yaratmayacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, 2023-2024-cü tədris ili Azərbaycan üçün bir çox uğurlu hadisələrlə yadda qalıb. Yeni yaradılacaq universitetlərlə bağlı qərarlar verildi. Elm və Təhsil Nazirliyinin yeni əsasnaməsində ayrı-ayrı pillələr üzrə yeniliklər tətbiq olundu. Digər tərəfdən, təhsilin keyfiyyəti ilə bağlı xeyli işlər görülüb. Təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar gələcəkdəki uğurlarımıza zəmin yaradır. Beynəlxalq fənn yarışlarında, olimpiadalarda şagirdlərimizin uğurları da xeylidir. Bu da təhsilin keyfiyyətinin yaxşılaşdığını göstərən amillərdəndir. Həmçinin bu istiqamətdə görülən ən yaxşı işlərdən biri də müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsidir. Ümumilikdə, təhsilin ayrı-ayrı pillələrində mühüm uğurlar əldə olunub”.