Dünya liderləri Qəzzada atəşkəs və davamlı sülh əldə etmək üçün Misirin Şarm əl-Şeyx şəhərində toplaşır. “Şarm əl-Şeyx Sülh Sammiti” adlanan görüşə Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Donald Tramp həmsədrlik edəcək. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 20-dən çox lider iştirak edir.
Hafta.az-ın yazdığına görə, Misir Rəyasət Heyətinin yaydığı bəyanatda qeyd olunub ki, sammitin əsas məqsədi Qəzza zolağında münaqişəyə son qoymaq və regionda sülh və sabitliyin bərqərar olmasıdır. Konfransın məqsədi regional təhlükəsizlikdə yeni səhifə açmaq olduğunu vurğulayıb. Sammit günorta saatlarında Şarm əl-Şeyxdəki konfrans mərkəzində başlayacaq. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, İordaniya kralı II Abdullah, Qətər Əmiri şeyx Təmim bin Həməd əl-Tani, Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə, Fələstin prezidenti Mahmud Abbas və Fransa prezidenti Emmanuel Makron iştirak edəcək.
ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail və HƏMAS-ın atəşkəs planının birinci mərhələsini qəbul etdiyini açıqlayıb. Bu prosesin ardınca İsrail hökuməti oktyabrın 10-u səhər saatlarında Qəzzada atəşkəs razılaşmasını ratifikasiya edib və həyata keçirib.
2023-cü il oktyabrın 8-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 67682 nəfərin öldüyü, 170033 nəfərin yaralandığı bildirilir. Atəşkəsin qüvvəyə minməsi ilə əsir mübadiləsi və humanitar yardım mexanizmləri gündəmdədir.
Şarm əl-Şeyx Sülh Sammitində prezident, krallıq və əmirlik səviyyələrində çoxsaylı ölkə nümayəndələri iştirak edir. Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt baş nazirlər səviyyəsində sammitdə təmsil olunur. BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt və Avropa Şurasının sədri Antonio Kosta da sammitdə iştirak edəcəklər.
Sammitdə daimi atəşkəs, məhbus mübadiləsi prosesinin irəliləməsi, humanitar yardımın çatdırılması və yenidənqurma məsələlərinin ətraflı şəkildə müzakirə ediləcəyi gözlənilir. Misir hakimiyyəti sammit ərəfəsində şəhərdə təhlükəsizlik və logistika tədbirlərini artırıb.