Qırğızıstan Baş nazirinin müavini Edil Baysalov ölkəsinin mədəni cəhətdən "rus dünyası"nın bir hissəsi olduğunu və bu irsdən imtina etməyəcəklərini bildirib.
Hafta.az yazır ki, rus düşüncəli qırğız rəsmi bunu 24.kg xəbər agentliyinə verdiyi müsahibədə deyib. O, bunun siyasi deyil, mədəni tərif olduğunu, rus ədəbiyyatı və mədəniyyəti ilə böyüdüyünü vurğulayıb. "Mən böyük rus ədəbiyyatı ilə böyümüşəm və ondan imtina etmək niyyətində deyiləm", - deyən Baysalov əlavə edib ki, Qırğızıstan təkdilli dövlət olmağı hədəfləmir.
Ölkənin informasiya və media mənzərəsinin əsasən rusdilli məzmun tərəfindən formalaşdığını bildirən Baysalov qeyd edib ki, buna görə də rus dili qadağan edilməyəcək və ya süni şəkildə sıxışdırılmayacaq. Baş nazirin müavini həmçinin Qırğızıstan hökumətinin ölkənin mədəni irsini silməyə çalışdığı iddialarını rədd edib. Baysalov yaşlı nəslə, xüsusən də Sovet dövrünə həsrət qalanlara hörməti vurğulayıb.
Bu arada, 27 noyabr 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana rus dilinin rəsmi statusunu qoruduğuna görə təşəkkür edib. Putin iki ölkənin ortaq keçmişə sahib olduğunu bildirdi, bu keçmişdən qaynaqlanan mədəni, dil və insani əlaqələrin əhəmiyyətini vurğulayıb, Moskva ilə Bişkek arasında bir çox sahədə əməkdaşlıq imkanlarının mövcudluğunu ifadə edib.
Edil Baysalovun ölkəsini "Rusiya dünyasının bir hissəsi" kimi təyin edən açıqlamaları, Moskvanın postsovet məkanındakı mədəni və ideoloji təsir siyasətini yenidən diqqət mərkəzinə gətirib. Moskva "Rus dünyası" anlayışını yalnız ortaq dil və ədəbiyyat kimi təqdim etsə də, bu diskursdan siyasi sədaqəti, tarixi legitimliyi təmin etmək və təsir dairələrini yaratmaq üçün bir vasitə kimi effektiv şəkildə istifadə edir. Kreml rusdilli əraziləri "xüsusi məsuliyyət sektorları" kimi təyin etməklə onların daxili siyasətinə müdaxiləni qanuniləşdirir. Bu yanaşma, Gürcüstan, Ukrayna və Moldovanın nümunələrində göründüyü kimi, mədəni diskursun zamanla hərbi və təhlükəsizlik əsaslandırmalarına necə çevrilə biləcəyini nümayiş etdirir.
Postsovet ölkələrində Rusiya rus dilinin rəsmi və ya faktiki üstünlüyünü qorumağa, təhsildə, mediada və dövlət idarəçiliyində istifadəsini təşviq etməyə və yerli dillərin ictimai sahədə təsirini məhdudlaşdırmağa diqqət yetirir. Bu, gənc nəsillərin Rusiyanın informasiya sahəsinə inteqrasiyasını təmin edir. Bu, bu ölkələrin mədəni suverenliyini və milli kimlik quruculuğunu zəiflədir. Bundan əlavə, postsovet coğrafiyasında Kreml Rusiya dövlət mediası, yerli rusdilli kanallar, sosial media və rəqəmsal platformalar vasitəsilə tarix və siyasətin birtərəfli hekayəsini yayır. Bu nəşrlərdə Sovet keçmişi nostalji kimi təqdim olunur, Rusiya isə qoruyucu və birləşdirici qüvvə kimi təsvir olunur. Bu strategiya yerli ictimai rəyi Moskva mərkəzli şəkildə düşünməyə öyrədir.