“Qlobal PUA bazarının 68 faizi Türkiyənin əlindədir” - Nazir

11:32 28.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Sənaye və Texnologiya naziri Məhmət Fatih Kacır, Türkiyənin Avropa İttifaqının (Aİ) 150 milyard avroluq nəhəng təhlükəsizlik və müdafiə proqramı olan SAFE-də güclü rol oynamaq istədiyini açıqlayıb. Kacır, Türkiyənin müdafiə texnologiyaları sahəsində liderliyinin Avropa üçün böyük bir fürsət olduğunu vurğulayaraq, "Təhlükəsiz Avropa üçün birlikdə işləməyə hazırıq" deyib.

Hafta.az-ın yazdığına görə, Kacır deyib: "Məqsədimiz, Türkiyənin, xüsusən də qarşıdakı dövrdə Avropa İttifaqının təhlükəsizliyə yönəlmiş təşəbbüslərində güclü rol oynamaqdır. Bu baxımdan, bildiyiniz kimi, Aİ SAFE-i elan edib. Proqram, Aİ-də təhlükəsizliyə və müdafiəyə yönəlmiş investisiyalar üçün əlverişli şərtlər altında uzunmüddətli maliyyələşdirmə imkanları təmin edəcək. Bunlar türk iştirakçılarına Avropa maraqlı tərəfləri ilə əməkdaşlıq etmək imkanı yaradacaq”.

Nazir deyib ki, bütün bu məsələlərin Türkiyəni kənarlaşdıran bir yanaşma ilə həll olunmayacağını gözləyirlər.

“Türkiyənin müdafiə texnologiyası imkanları bütün dünyada tanınır. Türkiyə müdafiə sənayesində yerli istehsal sistemlərinin payını 20 faizdən 80 faizə qədər artırmağı bacarıb. Bu nisbət hazırda Aİ üçün təxminən 20 faizdir” deyən və Türkiyənin bəzi vacib müdafiə texnologiyalarında dünyanın aparıcı ölkələri arasında olduğuna diqqət çəkən Kacır çıxışını belə yekunlaşdırıb: “Türkiyə brendləri müdafiə sənayesinin ən vacib elementlərindən birinə çevrilən pilotsuz uçuş aparatları qlobal bazarının 68 faizinə sahibdir. Bundan əlavə, Türkiyə bir çox müdafiə texnologiyası sahələrində Avropaya dəyər qatacaq vacib imkanlara və qabiliyyətlərə malikdir. Türkiyənin imkan və qabiliyyətlərini qarşılıqlı faydalı yanaşma çərçivəsində avropalı maraqlı tərəflərə çatdırmaq və daha təhlükəsiz bir Avropa üçün birlikdə çalışmaq istəyirik. Ümid edirəm ki, bütün bu əlaqələr qarşıdakı dövrdə bu sahələrdə əməkdaşlıq üçün yol açacaq”.