Qobustan qəsəbəsində növbəti səyyar görüş keçirilib (FOTO)

18:15 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az-ın yazdığına görə, qəbulda 60-a yaxın Qobustan qəsəbə sakini, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirib. Qeyd edib ki, həmin ərəfədə ölkəyə səfər edən qonaqların bir çoxu Qaradağ rayonuna da səfər edərək, tarixi abidələri, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, karvansarayları, övdanları ziyarət edəcəklər. Bu səbəbdən də rayon ərazisində geniş abadlıq quruculuq işləri aparılmaqdadır. O bildiirb ki, əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır.

Süleyman Mikayılov Qərbi Azərbaycan İcmasının işindən də söz açıb. Başçı Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olduğunu xatırladaraq bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, orada məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmağa istiqamətlidir. Bu işdə əhalinin yaxından iştirakını xahiş edərək, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkələrdə olan profillərinin izlənilməsi, orada paylaşılan materialların bəyənilməsi və paylaşım edilməsininin vacib olduğunu vurğulayıb. 

Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.