Artıq Müqəddəs Qurban Bayramına bir neçə gün qalıb. Bəs bu bayramın fəziləti nədir, milli dəyərlər fonunda hansı əhəmiyyət kəsb edir?

Bu barədə hafta.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov dedi ki Qurban, ərəb dilində "qaraba”, yaxınlaşmaq kökündən düzəlib, yaxınlıq bildirir: “Şəriətdə isə Qurban, böyük hәcc ayı olan Zilhiccə ayının onuncu (bayram) günündә, bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvana deyilir. İbadət niyyəti ilə xüsusi vaxtda, müəyyən xüsusiyyətləri daşıyan heyvanın kəsilməsinə də Qurban deyilir. Qurban üçün ərəb dilində "udhiyyə” və "zəbh” sözləri də ifadə olunur. Mənası ibadət niyyəti ilə heyvan kəsmək deməkdir. Qurban, mal varlığına bağlı olan ibadətlərdən biridir. Bu Allah təalanın bəxş etdiyi nemətlərin şükrünü vermək üçün bir borcdur. Hər bir müsəlman gücü çatan qədər Allah yolunda Qurban kəsməlidir. Qurban ibadətinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Bu gün dinimizdə bunu İbrahim əleyhissalama dayandırırıq. Allahın peyğəmbəri olan İbrahim əleyhissalam bir oğlu olacağı təqdirdə onu Allah yolunda qurban edəcəyini nəzir etmişdir. Aradan illər keçmiş, İbrahim peyğəmbərin oğlu olmuş, amma İbrahim peyğəmbər nəzirini unutmuşdu. Bu səbəblə Allah təala yuxuda İbrahim peyğəmbərə oğlu İsmayıl peyğəmbəri qurban kəsdiyini göstərmiş, nəzirini yadına salmış, İbrahim peyğəmbər nəzirini yerinə yetirmək üçün oğlu İsmayıla müraciət etmişdir. İsmayıl əleyhissalam atasına itaət etmiş, atasına demişdir ki, Allaha verdiyin nəziri yerinə yetir. İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsmək istəyərkən Allah təala onun yerinə qoyun göndərmiş və hər ikisi bu imtahandan çıxmışlar. Allah təala Qurani Kərimdə belə buyurur: "Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman, Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər): "İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! (Qurani Kərim, Saffət surəsi 101-113). Beləliklə bu hadisədən sonra Allah təala Adəm övladlarına lütf edərək onlara özlərində olan nemətlərin şükrünü vermək üçün qurban kəsməyi əmr edir. Qurban kəsməklə insan Allaha yaxınlaşır. Bununla Allahın qulları Allaha qarşı fədakar olduqlarını göstərmiş olurlar. Bu səbəblə də başqa ibadətlər kimi Qurban ibadətində də yaxşı niyət və ixlas, yəni Allah üçün səmimiyyət əsas şərtdir. Allah təala Qurani Kərimdə bu səmimiyyəti belə ifadə edib: "..Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!” (Həcc surəsi 36-37). Qurban kəsməyi bəzi alimlər fərz, bəziləri vacib, bəziləri isə sünnət hesab ediblər. Ən yaxşı halda bütün alimlər yekdil qərara gəliblər ki, Qurban kəsmək Allahın əmri olduğu üçün gücü çatan hər kəsin o ibadəti yerinə yetirməsi şərtdir. Allah təala Kövsər surəsində də Qurban kəsməyi əmr edib: "Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (Kövsər surəsi 2). Alimlər Qurban kəsənlər üçün şərtlər müəyyən ediblər. Aşağıdakı şərtləri daşıyan şəxslər qurban kəsməlidirlər: müsəlman olan, ağıl sahibi, yetkinlik həddinə çatan, azad olan, səfərdə olmayan, qurban kəsməyə maddi imkanı olan. Əgər bir şəxsin borcu varsa ona vacib olan borcunu ödəməsidir. Borclu olduğu halda təzədən borc edərək qurban kəsmək düzgün deyildir. Həzrəti Əli də buyurub ki, müsafir olana Cümə namazını qılmaq və qurban kəsmək vacib deyildir. Qurbana düşən heyvanlar dəvə, mal-qara, inək, camış, qoyun, keçi, müəyyən yemək üçün yararlı halda olan, təxmini altı ayını keçmiş quzu və çəpiş kəsmək olar. Qoyun və keçinin 6 aylıq və 1 yaşı, inəyin və camışın iki-üç yaşdan yuxarı olması şərtdir. Keçilərdə isə altı aylıq olması doğru deyildir. Ən azı bir yaşını tamamlamalıdır. Mal-qaraya bir neçə nəfər ortaq olub kəsə bilərlər. Qüsurlu heyvanların qurban kəsilməsinə də icazə verilmir. Kor olması, sümüklərinə qırıqlıq olması, zəif olması, yeriyə bilməyəcək qədər topal olması, qulaqlarının və burnunun kəsik olması və s. kimi müxtəlif növ eyibləri olan heyvanlardan da qurban kəsilməsi doğru deyildir. Bir insan Allah yolunda yuxarıda qeyd etdiyimiz kimi şəriətdə bildirilən heyvan növlərindən qurban kəsə bilər. Hər hansı bir şəxsə Qurban kəsmək Allaha həmin şəxsi şərik qoşmaq sayılır. Şirk isə dinimizdə ən böyük və bağışlanmaz günah hesab edilir. Allah təala Qurani Kərimdə bildirir ki, Allah təala bütün günahları bağışlaya bilər, yalnız Özünə şərik qoşanları şirk əməllərdən əl çəkməyincə bağışlamaz. Bizdə bəzən elə ifadələr işlənilir ki, onlar Allaha şəriklik mənasını verir. Bəzi islam alimləri şəriətdə olan dəlillərə əsasən belə ifadələri işlətməyi doğru hesab etmirlər. Məsələn, “canım sənə qurban”, “balam sənə qurban” və.s. kimi ifadələrin doğru olmadığını bəzi alimlər qeyd ediblər. Ancaq müasir dövrümüzdə elə alimlər var ki, belə ifadələrin örfə görə Allaha şəriklik mənası vermədiyini demişlər. Bəzi alimlər bildirirlər ki, əgər sən kiməsə indi deyirsənsə ki, “sənə canım qurban”, “sənə canım fəda”, “sənə balam qurban”, “sənə atam-anam qurban” və.s. kimi ifadələr işlədirsənsə bu o məna verir ki, yəni sənin xidmətində dayanım, sənə qulluq edim, ya öz atam anam və ya övladlarım xidmətində dayansınlar. Yəni əslində “qurban olum” ifadəsinin “sənin xidmətində durum” mənası verdiyini bəzi alimlər bildirirlər. Belə ifadələr bəzi örf və adətlərdə işlənilir. Misal üçün Allah Rəsulunun zamanında ona inanan sədaqətli səhabələri ona deyərdilər ki, “canım sənə fəda olsun”, “atam, anam sənə fəda olsun”, “oğlum, qızım sənə fəda olsun” və.s. bu o dövrün ərəb örf və adətlərində işlənən ifadələr idi. Müasir dövrmüzdə də bizim örf və adətlərimizdə belə ifadələr işlənilir və bunların ifadə olunması heç də Allaha şərik mənası vermir. Məqsəd qarşıda olan insane hörmətin göstəricisidir. Sizin qeyd etdyiniz generalın da əgər belə bir ifadəsi olubsa məqsədi xidmətində durmaq kimi dəyərləndirilməlidir. Çünki, ağlı olan hər kəs bilir ki, burada özünün və ya övladının “qurban olum” ifadəsi heç də qurban kəsilmək mənasında deyildir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə- dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
İlahiyyatçı həmçinin ölkəmizdə də bu bayrama yanaşılmadan danışdı:
“İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir”.