Quzu, yoxsa qoç əti?

16:22 13.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ət qida rasionumuzun ayrılmaz tərkib hissəsidir. Bu qida növü qırmızı və ağ olmaqla, iki hissəyə bölünür. Qırmızı ətə inək, qoyun keçi ətini, ağ ətə isə toyuq, hinduşka, balıq, bildirçin, qaz ətini aiddir. Statistik məlumatlara görə, ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur. 2023-cü ildə ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib. Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.

Qeyd edək ki, AQTA mütəxəssisləri qoyun ətinin quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı olduğu qənaətindədirlər. Qurumun bununla bağlı açıqlamasında bildirilir ki, Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir: “Yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi" layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir”.

Ekspertlərin fikrincə, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur: “Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir. Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir”.

Bəs, görəsən, bu tövsiyəyə əsasən insanlar ağız dadını dəyişməlidirlərmi? Qoyun, yoxsa quzu əti istehlak edilməlidir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən həkim-terapevt Rasif Bağırov bildirib ki, əslində, qida dəyəri baxımından qoyun əti ilə quzu arasında heç bir fərq yoxdur. Əvvəla, məsləhətdir ki, heyvanın yaş qrupuna diqqət yetirilsin, kiçik olmasın. Bu, Qurani-Kərimdə də belə buyurulub. İkincisi, quzu ilə qoyun əti arasında elə bir böyük fərq yoxdur. Sadəcə, qoyun əti, xüsusilə erkək qoyun bir az yaşlı olduğuna görə əti sərt olur. Quzuların əti isə yumşaq olur və asan həzmə gedir. Bağırsaqlar qocalmır”.

Onun sözlərinə görə, sadəcə, digər ət növləri kimi, qoyun və quzu əti də sanitar-gigiyenik qaydalara uyğun şəkildə tədarük edilməlidir: “Ət müvafiq qaydalara uyğun istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların kəsiminə yol verilməməlidir. Həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməli və ya evlərə təhlükəsiz çatdırılması təmin olunmalıdır. Bir daha xatırladıram kimsə deyə bilməz ki, quzu əti yeyim, daha faydalı olsun. Quzunun da, qoyunun da kimyəvi tərkibi, qida dəyəri eynidir. Sadəcə, ət sanitar-gigiyenik qaydalara uyğun şəkildə tədarük edilməlidir”.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, sağlam heyvanın əti lazımi miqdarda yeyildikdə bu, orqanizmə zərərli deyil: “Həftədə 2 dəfə 150-200 qr ət yeməyin orqanizmə zərəri yoxdur. Ət dəmir, vitamin D və B12 qaynağıdır. Hər bir ət çeşidi özü-özlüyündə fərqlənir. Məsələn, mal əti bədəni qüvvətləndirir və kökəldir. Onun pəhriz məqsədilə də istifadə olunması münasibdir. Qoyun əti isə bədənə qüvvət verir, qanı artırır və orqanizmin itirilmiş enerjisini bərpa edir. AQTA-nın açıqlamasında həqiqət var. Bu baxımdan ki, müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı olur, həm də tez həzm olunur. Eyni zamanda, yetişkin heyvan makro və mikroelemetlərlə daha zəngindir. Ona görə də qoyun ətinin quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı olduğu bildirilir. Təbii ki, qan təzyiqində yüksəlmə, şəkərli diabet, həzm problemi kimi müəyyən xəstəlikləri olan insanlar həmin qidanı qəbul etdikdə müəyyən fəsadlarla rastlaşırlar. Bu insanlara qoyun əti olmaz”.