Rayonlara gedənlər geri dönə bilmir – Ələt yolunda 7-8 kilometrlik tıxac

11:40 16.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

İyunun 16-da Bakı-Astara və Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində tıxac yaranıb.

Bu barədə hafta.az-a rayonlardan Bakıya qayıdan sərnişinlər məlumat veriblər. Verilən məlumatda o da qeyd olunur ki, hazırda tıxacın uzunluğu 7-8 kilometri əhatə edir. Sərnişinlər bildirirlər ki, polis postlarına yaxın hissələrdə tıxac yaranıb.

Buna səbəb onların sənədlərinin yoxlanması və avtomobildə olan hər bir sərnişinin sənədlərinə baxılmasıdır. Sərnişinlər 3-4 saatdır ki, “probka”da gözlədilərini bildirirlər.

Sərnişinlər və sürücülər onu da qeyd ediblər ki, polis alternativ yollardan istifadəyə imkan vermir. Çünki əks halda sənədlərin yoxlanmasından yayınma halları qeydə alına bilər.

O da vurğulanır ki, Bakıda ciddi karantin rejiminin tətbiqi və 3 günlük istirahətlə əlaqədar paytaxtda yaşayan sakinlər doğmalarını ziyarətə gediblər. Bu gün iş günü olduğu üçün geri qayıtmağa məcbur olublar. Nəticədə Qaradağ postunda, Ələt yaxınlığında tıxaca düşüblər.