Rayonlarımızda mədəniyyət evlərinin çoxu boş qalır - Rektor

14:25 08.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənab Prezident xüsusi sərəncamla Şuşanı Mədəniyyət Paytaxtı elən elədi. Bu hər kəsə bir mesajdır. Qonşulara da, düşmənlərə də, dostlara da...

Bu fikirləri hafta.az-a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib.

Onun sözlərinə görə, biz Vaqifin məqbərəsi yenidən bərpa olunandan sonra açılışında iştirak etdik:

"Mən hələ 1982-ci ildə Poladla birlikdə Vaqif məqbərəsinin ilk açılışında iştirak etmişəm. Yadımdadır, onda lap cavan idik. Qış idi, Şuşaya qar yağırdı. Mən o tədbirə atamla getmişdim. İndi bu gözəl məqbərəni ən yüksək səviyyədə bərpa ediblər. Vaqifin məqbərəsi daha gözəl olub. Orda da cənab Prezident çıxış elədi ki, bu bizim torpağımızdır, biz onu qoruyub saxlamalıyıq.

Mən bu gün Şuşada necə böyük bərpa işlərinin getdiyini görürəm. Cənab Prezident də orda olarkən Üzeyir bəyin ev muzeyinin, məşhur general Səməd bəy Mehmandarovun evinin bərpa məsələsini önə çəkmişdi. Mehmandarovun orada gözəl bir evi var, ermənilər onu da çox pis günə salıblar. İndi biz onu da bərpa edirik. Yəni, bu gün Şuşada o tarixi ab-hava bərpa edilir. Məqsəd odur ki, Şuşa həqiqətən də mədəniyyətlə bağlı olan paytaxt olsun. Məsələn, biz Üzeyir bəy günlərini Bakıda keçirdik. Amma onu mütləq Şuşada keçirməliyik. Yaxud Füzulidə, Kəlbəcərdə... Rayonlarımızda mədəniyyət mütləq öz sözünü deməlidir. Rayonlarımızda mədəniyyət evləri var, çoxu boş qalır. Bizim ən böyük silahımız musiqidir, ədəbiyyatdır və biz bu silahlardan səmərəli istifadə eləməliyik. Amma rayonlarda heç bir tədbirlər görünmür. Halbu ki, indi rayonlarda gözəl otellər, gözəl mədəniyyət evləri var, Heydər Əliyev Fondunun xüsusi binaları var. Yəni yerli idarəedici orqanlar xüsusən də mədəniyətdə aktiv olmalıdır".