Rəqabət mühitini tənzimləyən qanunvericilik bazası köhnəlib - Hüquqşünas

18:30 29.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda demək olar ki, bütün sahələrdə inhisarçılıq var, bu inhisarlar isə oliqarx məmurlardır. Ona görə də onlar Rəqabət Məcəlləsinin qəbulunu yubadırlar.

Bu fikirləri hafta.az-a hüquqşünas Əkrəm Həsənov deyib.

Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda rəqabət mühitini tənzimləyən qanunvericilik bazası mövcuddur. Amma həmin sənədlər çoxdan qəbul edildiyindən köhnəlib və müasir standartlara cavab vermir:

“İnhisarçılıq fəaliyyəti hazırda qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” qanunla, haqsız rəqabəti isə “Haqsız rəqabət haqqında” qanunla tənzimlənir. Lakin bu sənədlər köhnəlib və standartlara cavab vermir. Həm də sözügedən sənədlərdə bu məsələlər detallı əksini tapmayıb. Bu boşluqları aradan qaldırmaq üçün yeni Rəqabət Məcəlləsi lazımdır. Məcəllədə bütün məsələlər detallı şəkildə yazılmalıdır. Yəni, sənəddə sahibkardan tutmuş istehlakçıya kimi hər kəsin maraqları nəzərə alınmalıdır. Çünki haqsız rəqabətdən və inhisarçılıqdan əsas əziyyət çəkən də istehlakçıdır. Məhz bu vəziyyət ölkədə qiymətlərin sürətlə artmasına gətib çıxarıb. Hesab edirəm ki, yeni Məcəllə elə işlənməlidir ki, bazardakı inhisarçılarla mübarizə aparmaq, azad sahibkarlığın inkişafını təmin etmək, istehlakçı maraqlarını qorumaq mümkün olsun”.

Oxunma sayı 35