Türk Dövlətləri Təşkilatının (TDT) ortaq latın əlifbasına keçid prosesi Moskvanı narahat edib. Ankaranın türk dünyasına təsirini artırmaq səylərinin mühüm hissəsi kimi görülən bu qərar Rusiya mətbuatında geniş əks-səda doğurub.
Hafta.az xatırladır ki, Türk Dövlətləri Təşkilatının oktyabrın 24-də Bişkekdə keçiriləcək sammitində türk dövlətlərinin ortaq latın əlifbasına keçidlə bağlı qərar qəbul edəcəyi gözlənilir. Bu gediş təkcə linqvistik birləşmə kimi deyil, həm də mədəni və siyasi əlaqələrin dərinləşməsinə səbəb olacaq strateji addım kimi qiymətləndirilir.
“Nezavisimaya qazeta” məsələni Moskvanın prizmasından müzakirə edən məqalə dərc edib. Xəbərdə ortaq Latın əlifbasına keçidin Türkiyənin bölgədəki əhalisini gücləndirəcəyi vurğulanır.
“TDT son illər türk dünyasında əməkdaşlığı gücləndirən mühüm struktura çevrilib. Qurumun 15 illik yubileyini qeyd edən Bişkek sammiti bu əməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir. Sammitdə üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərindən ibarət yeni şuranın yaradılması planlaşdırılır. Bu şura təşkilatın qərar qəbuletmə mexanizmlərinin sürətləndirilməsinə və səmərəliliyinə töhfə verəcək” deyilən məqalədə bildirilir ki, Türkiyənin liderliyi ilə inkişaf etdirilən ortaq latın əlifbası türk dünyasının daha sıx dil və mədəni əməkdaşlığa girməsinə şərait yaradacaq. Bu addım təkcə linqvistik inteqrasiyaya deyil, həm də siyasi və iqtisadi əməkdaşlığa yol açacaq. Latın əlifbasına keçidin regional əməkdaşlığın gücləndirilməsi vasitəsi kimi istifadə olunması nəzərdə tutulur. Ekspertlər bu dəyişikliyin Türkiyənin Orta Asiyada təsirini artıracağını və türk dövlətləri arasında əlaqələrin daha da dərinləşəcəyini vurğulayırlar.
Türk dövlətləri arasında əməkdaşlıq təkcə mədəni deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində getdikcə dərinləşir.
Qəzet xatırladıb ki, sentyabrın 16-da Bişkekdə keçirilən energetika nazirlərinin görüşündə 2040-cı ilə qədər enerji təchizatının sabitliyinin təmin edilməsi məqsədi vurğulanıb. Bu kontekstdə enerji transferində əhəmiyyətli irəliləyişlər əldə edilib. Bundan başqa, TDT ölkələri arasında birgə hərbi təlimlər keçirilir və Türkiyə Orta Asiya ölkələrinə hərbi texnika və silah tədarükündə liderdir.
Türkiyə TDT vasitəsilə Orta Asiyada təsirini artırmaq üçün həm mədəni, həm də iqtisadi əlaqələri gücləndirməyə çalışır. Vahid latın əlifbası üzərində razılaşma Türkiyənin bu strategiyasını sürətləndirəcək addım kimi qiymətləndirilir. Xüsusilə enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq Türkiyənin regionda liderlik rolunu möhkəmləndirməsinə kömək edir. Ekspertlər bildirirlər ki, Ankara bu prosesdə “yumşaq güc” elementlərindən səmərəli istifadə etməklə Mərkəzi Asiyada mövcudluğunu daha da gücləndirəcək” yazılan məqalədə Azərbaycan, Türkmənistan və Özbəkistan kimi ölkələrin postsovet dövründə kiril əlifbasından imtina edərək latın əlifbasına keçdiyi qeyd olunur və Qazaxıstanda da latın əlifbasına keçid planlaşdırıldığı vurğulanır.
“Nezavisimaya qazeta” ekspertlərə istinadən bildirir ki, 2026-cı ilə qədər bütün türk dünyası latın əlifbasına keçəcək.
“Bu tarix 1926-cı ildə Bakıda keçirilən Birinci Türkologiya Konqresinin 100 illiyinə təsadüf edir və simvolik məna daşıyır” deyilən məqalədə bildirilir ki, türk dünyasında latın əlifbasının qəbulu rus dilinin bölgədəki təsirinə meydan oxumaq kimi qiymətləndirilir.
Türkiyə özünü Mərkəzi Asiyada “missiya ölkəsi” kimi göstərsə də, bu proses Rusiyanın bölgədəki mədəni təsirinə qarşı bir addım kimi qiymətləndirilir. Rus dilinin hələ də mühüm rol oynadığı Orta Asiyada latın əlifbasına keçidin bu vəziyyətə necə təsir edəcəyi maraqlıdır.
“Türkiyənin Orta Asiyada iqtisadi məqsədləri təkcə mədəni əməkdaşlıqla məhdudlaşmır. Prezident Ərdoğanın bölgə ilə bağlı strategiyası enerji və logistikanın bölgədən Avropaya keçidinin təmin edilməsinə əsaslanır. Azərbaycanın karbohidrogen layihələrində əldə edilən uğurun Türkmənistan qazının da daxil edilməsi hesabına daha da genişləndirilməsi nəzərdə tutulur”, - məqalədə deyilir.
“Nezavisimaya qazeta” əlavə edir ki, Türkiyənin enerji və mineral ehtiyatlarını Xəzər dənizi vasitəsilə Avropaya nəql etmək məqsədi regionda iqtisadi əlaqələrin əsasını təşkil edir. Üstəlik, Türkiyə bölgədən işçi qüvvəsi idxalını da strateji hədəf olaraq görür. Türkiyə liseyləri, məktəbləri və universitetləri istedadlı gəncləri üzə çıxararaq Türkiyəyə cəlb edir.
Bildirilir ki, bu gənclər Türkiyədə təhsillərini başa vurduqdan sonra ölkənin texnoloji elitasına qoşulurlar. Təhsil Türkiyənin Orta Asiyada təsirini artıran mühüm element kimi önə çıxır.
“Türkiyə Latın əlifbasına keçidlə Orta Asiyada yumşaq güc strategiyasını daha da gücləndirməyi hədəfləyir. Mədəni, dil və iqtisadi əlaqələr vasitəsilə həyata keçirilən bu siyasət Türkiyəni regionun ən mühüm aktorlarından birinə çevirir. Latın əlifbasına keçid təkcə dil islahatı kimi deyil, Türkiyənin bölgədəki varlığını və təsirini gücləndirən bir vasitə kimi də qiymətləndirilir”, - məqalədə qeyd olunur.