Rusiya ordusu Ukraynada tərkibində kimyəvi maddələr olan sursatlardan istifadə etməkdə davam edir. Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya işğalçı qüvvələri avqust ayında cəbhədə təxminən 450 dəfə kimyəvi silahdan istifadə edib.
Hafta.az-ın yazdığına görə, Ukrayna Baş Qərargahının yaydığı bəyanatda “Avqust ayında kimyəvi silahdan istifadə ilə bağlı 447 fakt qeydə alınıb. İşğalçılar 2023-cü il fevralın 15-dən 2024-cü il avqustun 24-dək tərkibində zəhərli maddələr olan sursatdan ümumilikdə 4035 dəfə istifadə ediblər” deyilib.
Açıqlamaya görə, rus qoşunları K-51 və RG-VO kimi təhlükəli kimyəvi maddələrlə doldurulmuş sursatlardan da istifadə edir. Bu sursatdan müharibə vasitəsi kimi istifadə etmək qadağandır.
Bundan əlavə, Rusiya qüvvələrinin tez-tez tərkibində naməlum kimyəvi tərkibli sursatlardan istifadə etdiyinə diqqət çəkən bəyanatda, “Rusiya müharibə qaydalarını kobud şəkildə pozur və Kimyəvi silahların istehsalı, yığılması, istifadəsi və onların məhv edilməsi haqqında Konvensiyasının norma və öhdəliklərinə məhəl qoymur” deyilir.