Rusiya-Çin sərhədində tıxac: Logistika böhranı dərinləşir

10:35 10.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin-Rusiya sərhədindəki ən böyük gömrük keçid məntəqələrində yüklərin daşınmasında ciddi çətinliklər yaranıb.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, xüsusilə Zabaykalsk və Blaqoveşensk-Heyhe sərhəd qapılarında uzun yük maşınları növbələri yaranıb. Nəqliyyat vasitələri gömrük prosedurlarını tamamlamaq üçün bir həftədən çox gözləməli olurlar.

Xəbərə görə, vəziyyətə Rusiyada oktyabrın 1-dən qüvvəyə minəcək yeni nəqliyyat vasitələrinin təkrar emal vergisinin təsiri ilə idxalçıların mümkün qədər çox məhsulu köhnə qiymətlərlə gətirmək cəhdləri səbəb olub.

Logistika şirkətlərinin açıqlamalarına görə, nəqliyyat vasitələrinin sərhəddə gözləmə müddəti normal olaraq 12-24 saat arasında dəyişirsə, son vaxtlar bu müddət 5-7 günə qədər uzadılıb.

Bildirilir ki, irihəcmli maşınların, xüsusilə də avtomobillərin, ağır tikinti texnikalarının idxalında artım var. Çindən avtomobil və texniki avadanlıq daşınmalarının yüzdə 50 artdığı öyrənilib. Bu artım sərhəd-keçid məntəqələrində ciddi çətinlik yaradıb.

Mütəxəssislər hesab edirlər ki, bu cür tıxaclar həm logistika xərclərini artıracaq, həm də istehlakçıya öz əksini tapacaq qiymət artımlarına səbəb olacaq. Logistika xərclərinin yüzdə 13-ə qədər artması da son istifadəçiyə çatan məhsulların qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Bundan əlavə, şirkətlərin oktyabrda Çinin Milli Günündən əvvəl məhsullarını daha sürətli göndərmək səyləri vəziyyəti daha da çətinləşdirir.