Rusiya Çinlə ödəmə böhranını kripto ilə həll edəcək

11:12 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Çinlə ticarətinin bir hissəsini kriptovalyutalar vasitəsilə həyata keçirməyə başlayıb.

Hafta.az-ın “Vedomosti” qəzetinə istinadən yazdığına görə, yeni tənzimləmə elektronika istehsalçıları və hərbi sahədə istifadə oluna bilən ikili təyinatlı məhsulları idxal edən şirkətlər üçün keçərli olacaq. Qəzet yazır ki, Rusiya hökuməti əvvəlcə bu cür məhsulları idxal edən şirkətlərə kripto pullarla ödəniş etməyə icazə verib.

Rusiya prezidenti Vladimir Putinin avqust ayında imzaladığı qanun sentyabrın 1-dən qüvvəyə minib. Qanun həmçinin kriptovalyutalardan istifadə etməklə kommersiya əməliyyatları üçün mərkəzi bankın nəzarəti altında birja ticarətinə icazə verir. Lakin hazırda bu sistemdə iştirak edə biləcək şirkətlər yalnız yüksək həcmli ticarətlə məşğul olan iri şirkətlərlə məhdudlaşır.

Mütəxəssislər hesab edirlər ki, kriptovalyutadan istifadə bəzi hüquqi qeyri-müəyyənliklər daşısa da, Rusiyanın bu yeni ticarət üsulu ixracatçılar və idxalçılar üçün daha asan ödəniş sistemi yarada bilər. Bununla belə, sanksiyalardan yan keçmək üçün kriptovalyutalardan istifadənin tez bir zamanda aşkar edilərək nəzarətdə saxlanılacağı barədə xəbərdarlıq edilir.