Rusiya İqtisadiyyat Nazirliyi “dost ölkələrə” ixrac edilən bəzi məhsullar üçün gömrük rüsumlarını azaltmağa hazırlaşır.
Hafta.az-ın yazdığına görə, Rusiya İqtisadiyyat Nazirliyi və Nazirlər Şurasının mətbuat xidmətinin yaydığı açıqlamada, mövzu ilə bağlı qanun layihəsinin müvafiq komissiya tərəfindən bəyənildiyi və tezliklə Dumaya təqdim ediləcəyi bildirilib.
Qanun layihəsi “dost ölkələrə” ixrac edilən bəzi məhsullar üçün gömrük rüsumunun müvəqqəti azaldılmasını və ya götürülməsini nəzərdə tutur.
Makroİqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin eksperti Andrey Qnidçenko bəyan edib ki, neft, neft məhsulları, təbii qaz, buğda, taxta-şalban və dəmir qırıntıları ixrac vergisinə cəlb olunan ən mühüm məhsullardır.
Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya 2022-ci ildə neft, təbii qaz və neft məhsullarının ixrac vergilərindən 2,5 trilyon rubl gəlir əldə edib.
Bu rəqəm federal büdcənin xarici ticarət gəlirlərinin 73 faizini təşkil edir.