Ermənistanın ABŞ-la imzaladığı strateji əməkdaşlıq müqaviləsi Rusiya mətbuatında öz yerini tapmaqda davam edir.
Hafta.az-ın yazdığına görə, məsələ ilə bağlı “Business FM”də siyasi müşahidəçi Gerogi Bovt yazıb ki, bu razılaşma İrəvanın Qərblə münasibətlərini dərinləşdirmək istəyinin göstəricisidir.
ABŞ dövlət katibi Antoni Blinken sazişin enerji, iqtisadiyyat, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı yaxşılaşdıracağını bildirərkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan nüvə sahəsində əməkdaşlıq üzrə danışıqlara başlanıldığını açıqlayıb. Bovt bildirir ki, bu saziş Ermənistanın xarici siyasət vektorunu yenidən müəyyənləşdirir.
Bovt Moskvanın bu yaxınlaşmaya reaksiyasının məhdud olacağı qənaətindədir. Onun sözlərinə görə, Rusiyanın ciddi iqtisadi sanksiyalara əl atacağı ehtimalı azdır. Bununla belə, hərbi-texniki əməkdaşlığın nəzərdən keçirilməsi gündəmdə ola bilər. Müşahidəçi Moskvanın artıq İrəvana olan borclarının bir hissəsini sildiyini xatırladır və Rusiyanın indiki vəziyyətdə radikal addımlardan qaçacağını deyir.
İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdləri də diqqət çəkir. Bovt vurğulayır ki, İrəvan Aİ ilə inteqrasiyanı sürətləndirmək istəyir, lakin tamhüquqlu üzvlük yolu uzun və qeyri-müəyyəndir. O bildirir ki, bu təşəbbüslərlə İrəvan Qarabağdakı itkilərdən sonra yeni siyasi diskurs qurmağı hədəfləyir. Moskva isə Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Aİ arasında seçim etməli olduğu xəttdədir.
İqtisadi əlaqələr baxımından Bovt xatırladıb ki, Ermənistanın ticarəti böyük ölçüdə Rusiyadan asılıdır. Ermənistan-Rusiya ticarətinin həcmi 2024-cü ilə qədər 15 milyard dollara çatacağı halda, Aİ ilə bu rəqəm cəmi 2 milyard dollar civarındadır. Bovtun sözlərinə görə, Ermənistanın kommersiya asılılığı Moskvanın sanksiyalara əl atmayacağına zəmanət verir.
Bovt yazıb ki, erməni xalqının Aİ-yə inamı sürətlə artır. Sosial sorğulara görə, ermənilərin 60 faizindən çoxu Aİ-yə digər beynəlxalq qurumlardan daha çox güvənir. Eyni zamanda, əhalinin əksəriyyəti ölkənin Aİ-yə üzv olmasını istəyir. Bovt bildirib ki, baş nazir Nikol Paşinyan öz siyasətini ictimai dəstəyi nəzərə alaraq formalaşdırıb.
Nəhayət, Bovt deyir ki, Moskva İrəvan-Vaşinqton razılaşmasını ehtiyatla qarşılayır. Rusiya rəsmiləri sazişi Ermənistanın suveren hüququ hesab etdikləri halda, Cənubi Qafqazdakı problemlərin həlli üçün “3+3” formatını (Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə, İran və Gürcüstan) dəstəkləməkdə davam edirlər.