Rusiya gömrük qaydalarını sərtləşdirir: hər kiloqrama 2 avro alınacaq

13:15 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aprelin 1-dən onlayn ticarətdə rüsumsuz giriş limiti 1000 avrodan 200 avroya endiriləcək. Alıcılar limiti keçərsə, hər kiloqram gömrük rüsumu üçün 2 avro ödəyəcəklər.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, istehlak cəmiyyətləri qərarın ləğvi üçün səlahiyyətli qurumlara müraciət ediblər.

Rusiya İstehlakçılar Birliyinin vitse-prezidenti Aleksey Overçuk, insanların ümumiyyətlə xaricdən dəyəri 20 avrodan aşağı olan məhsullar aldığını, lakin Rusiyada istehsal olunmayan planşet, smartfon və kiçik ağ əşyaların 200 avro limitində ilişib qalacağını söyləyib.

Rusiyalı istehlakçıların çəkisi 31 kiloqramdan və 1000 avrodan aşağı olan məhsulları gömrük ödənişi olmadan gətirmək imkanı var. Rusiyanın da üzvü olduğu Avrasiya İqtisadi Birliyi bu limitin 20 avroya endirilməsi məsələsini əvvəlcə dəyərləndirsə də, sonradan 200 avroya razılaşıb.

Ötən il Türkiyə fərdi alış-verişə tətbiq edilən gömrük tariflərini dəyişmişdi. Yeni tənzimləmədə 1 may 2022-ci il tarixindən etibarən Avropa İttifaqına daxil olmayan ölkələrdən yüklə gələn malların gömrük rüsumu 20 faizdən 30 faizə, yüklə birlikdə fərdi idxal üçün 1500 avro limiti isə 150 avroyə endirilib.