Afrika ölkəsi Burkina Fasoda fəaliyyət göstərən Rusiyanın muzdlu PMC “Ayı” qrupu Kursk vilayətində Ukrayna qoşunları ilə toqquşmalara görə Rusiyaya qayıtmaq qərarına gəlib.
Hafta.az-ın yazdığına görə, PMC "Ayı" lideri Viktor Ermolayev “Le Monde” qəzetinə verdiyi açıqlamada döyüşçülərin Ukraynanın bölgəyə hücumlarından müdafiə üçün Rusiyaya qayıdacaqlarını təsdiqləyib.
PMC "Ayı" 2023-cü ildə yaranan və əvvəlcə ordunun xüsusi təyinatlı veteranlarından ibarət olan könüllü batalyon taktiki qrupu kimi tanınır. Zamanla briqada strukturuna çevrilən bu dəstə Rusiya Müdafiə Nazirliyi tərəfindən silah və texnika ilə dəstəklənir.
“Le Monde”un məlumatına görə, Burkina Fasoda təxminən 200-300 döyüşçü var və onlardan təxminən 100-ü Rusiyaya qayıdacaq.
Ermolayev bildirib ki, PMC "Ayı" döyüşçülərinin Afrikadakı missiyaları müvəqqəti olaraq dayandırılıb.
PMC "Ayı" qrupu may ayında Burkina Fasoya gəlib və hərbi xunta lideri İbrahim Traoreni dəstəkləməyə başlayıb. Traore 2022-ci ilin payızında hərbi çevrilişlə hakimiyyətə gəlib və ölkəni müvəqqəti prezident kimi idarə edir.
“Vaqner” PMC-nin Burkina Fasoda 2022 çevrilişində əsas rol oynadığı iddia edilir.