“Rusiya nüvə dövləti olduğu üçün sanksiyadan başqa seçimimiz yoxdur” - Martin Klus

12:50 07.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Martin Klus yerli euractiv portalına müsahibəsində ölkəsi, eləcə də Avropa İttifaqı, təbii ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin yaratdığı acınacaqlı vəziyyətlərə dair münasibətini bildirib.  

Hafta.az-ın yazdığına görə, o, ilk olaraq Slovakiya hökumətində yaranan böhrandan söz açıb. Cənab Klus deyib ki, onlar əvvəldən başa düşürdülər ki, koalisiyada hər şey mükəmməl işləmir, razılaşmalara əməl olunmur.

“Bu gerçək narahatlıqdır. İctimai rəy sorğuları göstərir ki, hökumətin keçmişdə bir partiya olan, hazırda isə müxalifətdəki iki siyasi partiya tərəfindən formalaşdırılması şansı var. Xüsusilə keçmiş baş nazir Fikonun Rusiya səfiri Zvolendlə danışıqlarından sonra, hökumətə gəldiyi təqdirdə Slovakiyanın xarici siyasətinin hara gedəcəyi ilə bağlı ciddi narahatlığım var”, - deyib Martin Klus.

Nazir onu da deyib ki, şərait yarandığı təqdirdə XİN-dəki rəhbər postunu buraxıb parlamentə qayıdacaq. “Heç birimiz kresloya yapışıb qalmırıq və biz siyasilər bilirik ki, vaxtımız dörd ildən az da ola bilər”, - deyib cənab Klus.

Almaniya kansleri Aİ-də sanksiyalar və vergi siyasəti ilə bağlı keçiriləcək səsvermədə veto hüququndan istifadənin ləğv ediləcəyini bildirib. Bu məsələyə toxunan Klus deyib ki, Slovakiya xarici siyasətinin başında dayanan bir şəxs olaraq bu addımın atılmasına qarşı deyil. “Amma maliyyə və vergi məəsləsində mövqeyimiz fərqlidir. Ümumiyyətlə, hesab edirəm ki, xarici siyasətdə eyni mövqe nümayiş etdirmək mümkündür. Veto hüququndan istifadə heç də hər zaman Aİ-nin yararına olmayıb və olmayacaq da. Əksinə, birliyin konkret mövqedə birləşməsini çətinləşdirir. Almaniyanın bu məsələdə tutduğu mövqeni çox bəyənirəm, çünki onlar gələcəyi düşünürlər”, - deyib Slovakiyalı nazir .

Avropalıların istəyinə uyğun olaraq, İttifaqda dəyişikliklərin gedə biləcəyi məsələsinə toxunan Martin Klus deyib ki, müəyyən dərəcədə məyusluq gözləmək olar, amma siyasət mümkün olanın sənətidir. Hamı başa düşməlidir ki, kağıza düşən hər şey reallığa çevrilməyəcək.

Martin Klaus Avropada media məsələsidən də söz açıb. Deyib ki, hazırda veb portal açmaq üçün kifayət qədər vəsait tapan hər kəs özünü jurnalist adlandırır. Bu isə yaxşı hal deyil. “Komissar Vera Jurova sentyabrın 13-də Media Azadlığı üzrə Avropa Aktını təqdim olunacağını söz verib. Avropa media qanunları üçün məcburi maneələrin yaradılması gözlənilir. Əslində bunlar ilkin addımlardır. Birliyin dəyişməsinə şadam, amma təsəvvür edə bilərəm ki, biz, məsələn, sosial şəbəkələr vasitəsilə ünsiyyətdə daha fəal olardıq. Onların fəaliyyətində təkmilləşdirmə üçün yer var, çünki onlar AB əleyhinə yalan və çox vaxt ifrat dərəcədə zərərli məzmun yayan insanlar üçün işləməyə imkan verir” deyən slovakiyalı nazir Birlik tərəfindən “Russia Today” və “Sputnik”in yayımına qoyduğu qadağadan və buna baxmayaraq həmin mətbu orqanların saytının Slovakiyada yenidən açılmasına mçünasibət bildirib. Deyib ki, həmin saytların fəaliyyətinə icazə verməklə çox böyük səhv ediblər. Onun fikrincə, daha sərt olmalı, prinsipial mövqe nümayiş etdirmək lazımdır.

Avropa səviyyəsində Rusiya vətəndaşlarına viza embarqosu ilə bağlı gedən müzakirələrlə bağlı ölkəsinin mövqeyindən danışan Klus qeyd edib ki, bu məsələ hazırda Avropa Birliyini birləşdirməkdən daha çox parçalayır. “Məsələn, Almaniya bu dəyişikliyin qarşısını almaq üçün ciddi çalışır, Polşa, Finlandiya, Baltikyanı ölkələr isə əksinə. Deməli, burada da güzəştə getmək lazım olacaq. Bu işdə Slovakiya müəyyən vasitəçilik rolunu oynayır və biz bütün 27 ölkə üçün məqbul olacaq bir ortaq yol tapmağa çalışırıq. Amma insafən, Almaniyanın məsələnin humanitar tərəfləri ilə bağlı arqumentləri də əsaslıdır” deyən siyasətçi bildirib ki, ümumiyyətlə, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effektivliyi önümüzdəki aylarda, xüsusilə də 2023-cü ildə tam şəkildə özünü göstərəcək. “Bizim sanksiyaların Rusiyaya zərəri olmadığını deyənlərin hamısı bilərəkdən yalan danışırlar. Burada aydın şəkildə danışan çox konkret rəqəmlərimiz var. Sanksiyalar Rusiyanın avtomobil sənayesinə, eyni zamanda dövlət maliyyəsinə də təsir edib. Rusiya iqtisadiyyatının geriləməsi gözlənilir. Sanksiyalar təbii ki, heç kimin xoşuna gəlmir, çünki öz həyatımızı da çətinləşdirir. Amma Rusiyanın qonşu ölkədə başlatdığı biabırçı müharibəyə yeganə cavab budur. Çünki Rusiya nüvə dövləti olduğu üçün başqa seçimimiz yoxdur”, - deyib Martin Klus.

Avropanı bürüyən təbii qaz qıtlığından söz açan Klusun fikrincə, Avropa bu ssenarinin reallaşacağına hələ Rusiyanın Gürcüstana hərbi təcavüzü və Krımın ilhaqından sonra hazırlaşmalı, alternativlər aramalıydı. O deyib ki, Slovakiya da bu məsələdə ciddi zərər görür, çünki rus qazına bağlılığı olduqca yüksəkdir.

“İndi biz pişiyi quyruğundan təqib edirik. Bununla belə, inanıram ki, bir neçə aya çata biləcəyik. Amma başa düşmək lazımdır ki, bu gün heç kim öz vətəndaşlarını və ölkə iqtisadiyyatını təhdid qarşısında qoya bilməz. Təhdidə qarşı bizim ən azı İttifaq çərçivəsində bir olacağımıza dair təminatlarımız olmalıdır. Bu arada, bu qış üçün Slovakiyanın yeraltı depolarda topladığı qaz hesabına çox da zərər görməyəcəyini demək istəyirəm", - Martin Klus qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər