Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərin immiqrasiya statusu və vətəndaşlıq almaq üçün müraciət etdikləri uydurma nikahlarla bağlı diqqətçəkən məlumatları paylaşıb.
Hafta.az-ın yazdığına görə, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, 2021-ci ildən 2023-cü ilə qədər prokurorlar tərəfindən 4 mindən çox saxta nikah faktı məhkəməyə təqdim edilib. Bu ilin əvvəlindən indiyədək 300-dən çox oxşar hadisə ilə bağlı materiallar məhkəməyə göndərilib.
Volkun sözlərinə görə, Rusiya vətəndaşları ilə bu saxta nikahlar əcnəbilərin ölkədə yaşamaq icazəsi və vətəndaşlıq almaq üçün istifadə etdiyi üsul kimi diqqəti çəkir.
Nazirlik qondarma nikahların aşkarlanması istiqamətində işləri davam etdirir və nikah etibarsız hesab olunduqda yaşayış icazələri ləğv edilir. 2024-cü ilin ilk yeddi ayında bu səbəbdən 107 müvəqqəti yaşamaq icazəsi və 75 yaşayış icazəsi ləğv edilib.
Rusiya uydurma nikahlara qarşı mübarizəni gücləndirmək üçün yeni qaydalar üzərində işləyir. Avqust ayında hökumət əcnəbilərin yalnız iki il davam edən nikahdan sonra müvəqqəti yaşayış icazəsi üçün müraciət edə biləcəyi qanun layihəsi hazırladı. Bu addım saxta nikahlarla mübarizədə mühüm addım kimi qiymətləndirilir.
Bundan əlavə, məlumdur ki, daha əvvəl qəbul edilən yeni qanunla Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığını qəbul etmiş, lakin orduda qeydiyyatda olmayan şəxslər haqqında məlumatların təqdim edilməsi tələbi ilə hərbi komissarlıqlara sorğu göndərib. Vətəndaşlıq almış və vətəndaşlıq aldıqdan sonra hərbi hissədə qeydiyyatdan keçməmiş şəxslər də vətəndaşlıqdan məhrum edilirlər.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, miqrasiya qanunvericiliyinin pozulması ilə mübarizə məqsədilə mövcud qanunlar daha da sərtləşdiriləcək.